AZ

Dünyanın ilk “insansı cərrah robotu” təqdim edildi: Əməliyyatlara hazırdır (VİDEO)

İsveçrə mərkəzli tibbi texnologiya şirkəti LEM Surgical CES 2026 sərgisində Dynamis adlı cərrahi insansı robot sistemini təqdim edib. Şirkət bu texnologiyanı “əməliyyat otaqları üçün hazırlanmış ilk cərrahi insansı robot” kimi təqdim edir. Sistem xüsusilə onurğa və ortopedik əməliyyatlarda yüksək dəqiqlik təmin etmək üçün nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, CES sərgisində NVIDIA stendində nümayiş etdirilən Dynamis, bir çox konsept layihələrdən fərqli olaraq artıq prototip mərhələsini keçmiş və kommersiya istifadəsinə verilmiş real məhsul kimi diqqət çəkir.

Cərrahların əl hərəkətlərini təqlid edir

Interesting Engineering nəşrinin məlumatına görə, Dynamis platforması insanların iki əllə işləmə prinsipini təqlid edən çoxqollu arxitekturaya malikdir. Sistemin əsasını NVIDIA Isaac for Healthcare platforması ilə işləyən inkişaf etmiş süni intellekt prosessoru təşkil edir.

Bu texnologiya əməliyyat zamanı yarana biləcək mikro-hərəkətləri kompensasiya edərək stabilliyi qoruyur və cərrahi proseslərdə səhv ehtimalını minimuma endirir.

Üçqollu robotik quruluş

Dynamis sistemində kompüterlə idarə olunan iki robotik qol cərrahi yönləndirmə və alətlərin dəqiq yerləşdirilməsi funksiyasını yerinə yetirir. Üçüncü qol isə naviqasiya kamerasının tutulması və idarə olunması üçün nəzərdə tutulub.

Robotik qollar əməliyyat masasının altına qismən yerləşdirilə bilən mobil vahidə inteqrasiya edilib. Bu, əməliyyat otağında tutulan sahəni azaldır və stabilliyi artırır. Qurğuda olan lift mexanizmləri sayəsində qollar prosedur zamanı təhlükəsiz şəkildə açılıb-bağlana, qatlanıb kilidlənə bilir.

Konsept yox, real cərrah

CES sərgisində nümayiş etdirilən bir çox tibbi texnologiya hələ konsept mərhələsində olsa da, Dynamis artıq real tibbi praktikada istifadə olunur. Sistem FDA 510(k) təsdiqini alıb və ABŞ-ın Las Veqas şəhərində yerləşən Southern Hills Hospitalda rutin onurğa əməliyyatlarında tətbiq edilir.

LEM Surgical şirkəti noyabr ayında ABŞ-da Dynamis ilə həyata keçirilən ilk klinik prosedurların uğurla başa çatdığını açıqlayıb. Bu da texnologiyanın real şəraitdə istifadəyə tam hazır olduğunu göstərir. Platforma torakal, lomber və sakral yanaşmalar daxil olmaqla müxtəlif onurğa cərrahiyyəsi prosedurlarını dəstəkləmək üçün hazırlanıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
86
1
konkret.az

2Mənbələr