Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin "Somalilənd" bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.