AZ

Əgər uşağınız dərslərində zəifləyirsə, səbəbi budur

Əgər uşağınız dərslərində uğursuzluq yaşayırsa, səbəb bəzən düşündüyünüzdən daha sadə ola bilər.

E-saglam.az xəbər verir ki, qış aylarında tez-tez rast gəlinən burun tıxanıqlığı yalnız fiziki narahatlıq yaratmır, eyni zamanda uşağın diqqətinə, yuxu keyfiyyətinə və məktəbdəki göstəricilərinə birbaşa təsir edir. Mütəxəssislər bu problemi “səssiz təhlükə” adlandırır.

Burun tıxanıqlığı olan uşaqlar gecə rahat nəfəs ala bilmədikləri üçün ağızları açıq yatırlar. Bu vəziyyət yuxu apnesi və xorultu ilə müşayiət oluna bilər. Nəticədə beyin kifayət qədər oksigen almadığından tam dincələ bilmir və uşaq səhər oyananda yorğun, halsız və diqqətsiz olur.

Yuxu keyfiyyətinin pozulması dərhal dərs performansına təsir göstərir. Uşaq dərsdə diqqətini cəmləyə bilmir, yeni məlumatları qavramaqda çətinlik çəkir və yaddaş zəifləyir. Bu hal bəzən tənbəllik və ya maraqsızlıq kimi başa düşülsə də, əsl səbəb fizioloji ola bilər.

Kifayət qədər yatmayan uşaqlarda əsəbilik, tez yorulma, hiperaktivliyə bənzər davranışlar və ya əksinə, özünə qapanma halları müşahidə edilə bilər. Bu isə həm ailə mühitində, həm də məktəbdə münasibətlərin gərginləşməsinə səbəb olur.

Mütəxəssislər valideynlərə bu vəziyyəti yüngül saymamağı tövsiyə edirlər. Uşağın burun tıxanıqlığı davamlıdırsa, mütləq LOR müayinəsindən keçirilməli, adenoid böyüməsi və ya allergik problemlər istisna edilməlidir. Eyni zamanda otağın havası çox quru olmamalı, müntəzəm havalandırılmalı və yuxu zamanı uşağın başı bir qədər hündür vəziyyətdə olmalıdır.

Unutmaq olmaz ki, sağlam yuxu sağlam beyin deməkdir. Uşağın rahat nəfəs alması, keyfiyyətli yatması və enerjili oyanması onun həm fiziki, həm də zehni inkişafının əsas şərtidir. Bu sadə görünən problem vaxtında həll edildikdə, dərslərdəki uğursuzluq da tədricən aradan qalxa bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
21
e-saglam.az

1Mənbələr