AZ

Qocalmaqla bağlı yeni KƏŞF

Karolinska İnstitutunun tədqiqatçıları yaşlanan onurğa beynində gözlənilməz bir müdafiə mexanizmi müəyyən ediblər. Məlum olub ki, bu orqanın özünə məxsus immun hüceyrələri sinir liflərinin zədələnməsinin qarşısının alınmasında mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature Neuroscience" elmi jurnalında dərc olunub.

Yaş artdıqca beyinlə bədən arasında məlumat ötürülməsini təmin edən onurğa beyninin strukturu tədricən zəifləyir. Xüsusilə sinir liflərini qoruyan miyelin qatı bu prosesə qarşı daha həssas olur. Müxtəlif yaş dövrlərində olan siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zaman keçdikcə onurğa beyninin dorsal sütunlarında miyelin zədələnməyə başlayır.

Araşdırma zamanı alimlər bu dəyişikliklərdə mikroqliya adlanan immun hüceyrələrinin əsas rol oynadığını aşkar ediblər. Yaşlanan onurğa beynində mikroqliya hüceyrələri TGF-β adlı siqnal molekulunu aktivləşdirir. Bu molekul mikroqlianın həddindən artıq aktivliyini məhdudlaşdıraraq bir növ tənzimləyici rol oynayır və miyelinin daha da dağılmasının qarşısını alır.

Tədqiqatçılar bildiriblər ki, yaşlı siçanlarda TGF-β-nın sintezi süni şəkildə dayandırıldıqda, bu qoruyucu mexanizm fəaliyyətini itirir. Nəticədə mikroqliya hüceyrələri miyelini intensiv şəkildə parçalamağa başlayır ki, bu da hərəkət problemləri və digər nevroloji əlamətlərin yaranmasına səbəb olur.

Alimlərin sözlərinə görə, onurğa beyninin bu konkret nahiyəsində oxşar zədələnmələr əvvəllər bəzi nevroloji xəstəliklərdən əziyyət çəkən insanlarda da müşahidə edilib. Bu kəşf sinir sisteminin yaşlanma prosesində özünü necə qoruduğunu və bu mexanizmlər pozulduqda niyə xəstəliklərin ortaya çıxdığını daha yaxşı anlamağa imkan yaradır. (Milli.az)

Bizim.Media 

Seçilən
53
10
bizim.media

10Mənbələr