“Gövhər xanım böyüklərindən nəyi eşidibsə, gələcək nəsillərə də onu aşılayır. Bu, hər bir normal vətəndaşın borcudur. Xına, toy, nişan, ad günü mərasimləri aparan şəxslərin özəl həyatı və əqidəsi heç kimə maraqlı deyil. Peşəkar olsun, yetər. Lakin xınada özəllik ondan ibarətdir ki, xınanı yaxanda xeyir-dua verirsən”.
"Ölkə.az" xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış şairə və xına mərasimləri aparıcısı Nazilə Səfərli deyib.
O, qarmon ifaçısı Gövhər Rzayevanın boşanmış qadınların xına mərasimləri aparmaması ilə bağlı fikirlərinə haqq qazandırıb:
“Əgər sənin başın bütöv deyilsə, ailə sarıdan yarımamısansa, bu sənin günahın deyil. Amma insanların istəsək də, istəməsək də inancları var. Onlar inanırlar ki, dul, 2 dəfə ərə getmiş, övlad itirmiş və ya sonsuz bir qadın gəlinin əlinə xına yaxanda, onun yaşadıqları onların da övladının başına gələ bilər.
Bütün bunlar toy sahiblərinin öz fikirləridir. Orada xoşbəxt qadınlar da var axı. Kim öz övladına arzu edər ki, onun əri öldü, mənim balamın da əri ölsün? Əksinə hamı deyir ki, filankəs necə bəxtəvərdir. Mənim övladlarım da elə olsun. Biz yaxşı niyyətə kökləndiyimiz üçün Gövhər xanımın da sözlərində həqiqət var. Lakin bunun aparıcılıqla əlaqəsi yoxdur”.
Şairə bildirib ki, valideyn xeyir-duası ilə evlənməyən xanımlar toy sahiblərinə də hansısa nəsihəti verə bilməz:
“30 ildir evliyəm. Mənim ailəm, 2 hörmətli, izzətli balam, bir nəvəm var. Qaynanamın da qulluğunda dururam. Bu söhbələr mənə aid deyil. Kimə aiddirsə, o da dərhal çıxdı ortaya. Aparıcı aparıcılığını etsin.
Pul alıb xına təşkil edirik. Heç vaxt ər qulluğunda durmayan qadın gedib toy sahibinə deyə bilməz ki, bala ərinə qulluq elə. Buna ixtiyarı çatmır. Özü qaynana qabağında durmayan, qapısına elçi gəlməyən qadınlar heç kəsə məsləhət verməməlidir. Yarımamaq başqa şeydir. Bilirsən ki, telli-duvaqlı gəlin getməmisən. Sənə hörmət qoymayıblarsa belə, başqasının qızına xeyir-dua verə bilməzsən. Anan alından öpüb xeyir-dua verməyib, atan çıraq başında fırlatmayıb, belinə qırmızı lent bağlayıb qapından çıxartmayıblar. Qoşulub kiməsə getmisənə, başqasının qızına abır dərsi verə bilməzsən”.
Nazirə Səfərli “xınanı xoşbəxt qadınlar yaxmalıdır” fikrini dəstəkləyib:
“Nəsildə o qədər xoşbəxt xanımlar var ki, imkan verin evlənən xanıma da xınanı onlar yaxsın. Sən isə öz məclisini apar. Bu işə qazanmaq üçün girmisənsə, icazə ver xoşbəxt analar gənclərə xeyir-duanı versinlər.
Elə xına aparıcısı tanıyıram ki, viskini içib, gəlin üçün “Qurani-Kərim”dən “Fələq” və “Nas” surələrini oxuyub. Ortalığa çıxmağa cəsarəti yox imiş deyə, belə bir şey edib. Qısası, Gövhər xanım haqlıdır”.