“Nəsimi Nəbizadəni diş implantı üçün həkimə aparmışdıq. Müalicə bitdikdən, yəni 2 ay sonra ona avtomobil hədiyyə etməyi planlaşdırırdıq. Həccə getmək də planlarımız arasında idi. Onu işlə təmin etmək də nəzərdə tutulmuşdu”.
O, hadisənin necə baş verdiyinə belə aydınlıq gətirib:
“Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçmayıb. Diş həkiminə aparmışdım. Sonra dedi ki, bir yerdə oturub çay içək. Onunla Sumqayıtdan “Tarqovı”ya gəldik. Kumpir yedik, Kəramət Böyükçöldən kitab aldıq. Oyun oynadıq, ona qalib gəldim. Bəlkə də bunun üçün məndən küsüb qaçdı. Tualetə getmişdim, qayıtdım ki, yoxdur”.
C.Salmanovun sözlərinə görə, yanvarın 8-də N.Nəbizadənin evinə gedib: “Kimsə pəncərəni açıb-bağladı. Yəqin ki qardaşı idi. Tam dəqiq görə bilmədik. Qonşuları isə Nəsiminin evə getdiyini təsdiqləyib. Təhlükəsizlik kamerasında görüntülənib. İndi evdədir. Ancaq görüşüb-danışa bilmədik. Biz onunla görüşsək, yenidən mərkəzə qayıtmasına nail ola bilərik. Asılı xəstələr elədir ki, anidən ağıllarına gələn fikri reallaşdırmaq istəyirlər. Lakin sonradan peşman olurlar”, - o əlavə edib.
C.Salmanov bildirib ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi nəinki Azərbaycanda, hətta dünyada sağalma faizinə görə birinci yerdədir:
“Yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam. Məmmədrza Qafarov ölkədə bir nömrəli mütəxəssis və bizim mərkəzin proqram rəhbəridir. Bütün qanuni şəkildə fəaliyyət göstərən reabilitasiya mərkəzləri MMC kimi işini davam etdirir. Bu qanuni sayılan sənəd deməkdir. Biz də bu formada fəaliyyət göstəririk”.
Mərkəz rəhbəri bu hadisəni oyun, qurma adlandıranlara belə cavab verib:
“Biz bir dəfə Qarabağda olanda belə bir qaçmaq şousu düzəltmişdik. Ancaq indiki oyun ya da şou deyil. Çox təəssüflər olsun ki, həqiqətdir”.
Qeyd edək ki, tanınmış teleaparıcı Nəsimi Nəbizadə və Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi. N.Nəbizadə iki gün əvvəl oradan qaçıb.
Bəziləri hesab edir ki, reablitasiya mərkəzinin rəhbərliyi C.Əsgərov və N.Nəbizadə vasitəsilə özlərini reklam edirlər. Buradan ictimaiyyət arasında nüfuz və pul qazanırlar.