Qazax xanlığı zamanında Sufi alimi Xoca Əhməd Yasəvinin təlimləri xalq arasında geniş yayılırdı. Elita arasında Nəqşbəndiyyə təriqətinin (ordeninin) təbliğçiləri əhəmiyyətli rol oynayırdılar. Bir çox qazax xanı Nəqşbəndi şeyxlərinin müridləri idilər.
Bir çox mütəxəssisin fikrincə, XV və XVI əsrlərdə qazaxlar arasında bütpərəst kultlar hələ də mövcud idi, İslam o qədər də geniş yayılmamışdı. İslam dini insanlara Qazax sultanları və xanları tərəfindən aşılanırdı. Bu, köçəri cəmiyyəti birləşdirməyə kömək etməklə yanaşı, həm də sosial intizamı gücləndirirdi. Mollalar, xocalar və imamlar dini təbliğatçı rolunu öz üzərlərinə götürürdülər. Xocalar, Qazax sultanları kimi, özlərini Məhəmməd peyğəmbərin və onun yaxın çevrəsinin nəsilləri hesab edərək şəcərələrini peyğəmbərə və onun ilk dörd xəlifəsinə bağlayırdılar. Qazaxlar xocalara savadlı bir şəxs, müəyyən mənada kahin kimi baxırdılar. Mənəvi biliyin nümayəndələri olan xocalar vergi və ya rüsum ödəmirdilər. Onlar ədalət mühakiməsinə cəlb edildikdə yalnız sultanlar tərəfindən mühakimə olunurdular. Törələr kimi xocalar da aristokrat sinfinə mənsub olduqları üçün torpaq (vəqf) sahibi idilər. Dini xadimlər sosial fəaliyyətlərini əsasən müsəlman rituallarının icrası ilə ifadə edirdilər. Mollalar xanlıqda çoxluq təşkil edən xalqların dilində danışmağa borclu olduqlarından Qazax xanlığının diplomatik əlaqələrində, dövlətlərarası münasibətlərin tənzimlənməsində tərcüməçi kimi iştirak edirdilər. Onlar həmçinin xanların, sultanların, biylərin (bəylərin) və ağsaqqalların yürütdüyü siyasətin ideoloji dəstəkciləri kimi də çıxış edirdilər. Qazax xanlığı dövründə İslam əhali arasında mövqeyini möhkəmləndirdi. Qazaxlar İslamın sünni mənsəbinə tabe olsalar da, görkəmli alim, tarixçi, hüquqşünas (faqih) və şair Fəzlullah ibn Ruzbihan İsfahaninin qeyd etdiyi kimi, köçərilərin İslamdan əvvəlki dini inanclarının bəzi elementləri hələ də qalırdı. Onun sözlərinə görə, XVI əsrin əvvəllərində dini liderlər Qazax xanlığına təkcə Həştərxandan yox, həmçinnin Türküstan, Məvarəünnəhr, Səmərqənd, Buxara, Xarəzm, Xivə, Dərbənd, Astarabad, Xorasandan bütpərəst inancları aradan qaldırmaq və İslam normalarını yaratmaq məqsədi ilə göndərilirdi.
Oturaq həyat sürən qazax əhalisi arasında İslam daha böyük təsirə malik idi. Qazax xanlığının Sırdərya bölgəsinin şəhər və vahələrində müsəlman ruhaniləri mühüm rol oynayırdılar. Bu ruhanilərin üzvləri şeyxülislam, qazi, şeyx, molla və mütəvəlli kimi müxtəlif adlarla çağırılırdılar. Onlar hökmdarlara müxtəlif formalarda dəstək göstərməyə çalışır və bunun müqabilində imtiyazlar, torpaq və vergi güzəştləri alırdılar. Müsəlman ruhaniləri, həmçinin, əhəmiyyətli torpaq sahələrinə və otlaqlara da şəxsi mülk kimi sahib idilər.
Həştərxan xanlığının müstəqilliyi dövründə müsəlman ruhaniləri, xüsusən də Hacı-Tərxan üləmaları Şərqdə, o cümlədən qazaxlar arasında fəal şəkildə missionerlik işləri apararaq İslamın və İslam mədəniyyətinin yayılmasını təşviq edirdilər. Qazax xanlığında müsəlmanlardan başqa, digər dinlərin nümayəndələri də yaşayırdılar. Bir mənbəyə görə, orada təxminən mindən artıq şəhər və kənd olub.
Qazax Xanlığı (qazaxca: Kazak Xandığı), Şərq mənbələrində Qazax ulusu, 15-ci əsrdən 19-cu əsrə qədər mövcud olan Qızıl Ordanın varisi, Dəşti Qıpçağın şərq hissəsində qurulan dövlət. Xanlıq 1465-ci ildə Urus xanın nəticəsi Canibek xan və Kerey xan tərəfindən yaradılıb. Hər iki xan Çingiz Xanın soyundan gələn Türk-Monqol Töre nəslindən idi.
Xanlığın dini İslam, dili qazax dili, ərazisi 3 200 000 kvadrat kilometr, əhalisi 1832-ci ildə 3 milyon 200 min nəfər, paytaxtları 1465-1469-cu illərdə Sozak, 1469-1511-ci illərdə Sığanaq, 1511-1521-ci illərdə Sarayşik, 1521-1599-cu illərdə yenidən Sığanaq, 1599-1781-ci illərdə Türküstan, 1729-cu ildən 1781-ci ilədək həm də Daşkənd olub.
Töre nəsli xanlığın Rusiya İmperiyası tərəfindən süqutuna qədər hakimiyyətdə qalıb. Qazax Xanlığının əraziləri şərqi Kumaniyaya (müasir qərbi Qazaxıstan), Özbəkistanın böyük bir hissəsinə, Qaraqalpaqstana və Sırdərya çayına, müvafiq olaraq Həştərxan (Hacı-Tarxan) və Xorasana qədər uzanıb. Qazax xanlığı 19-cu əsrdə genişlənən Rusiya imperiyasının tərkibinə daxil edilib. Xanlığın yaradılması Qazax dövlətçiliyinin başlanğıcını qoyub və Qazax xanlığının 550 illiyi 2015-ci ildə yüksək səviyyədə qeyd olunub.
Qazax xanlığının ilk illəri Əbülxeyr xanın nəvəsi Məhəmməd Şeybani torpaqlarına nəzarət uğrunda mübarizə ilə yadda qalıb. 1470-ci ildə qazaxlar Şeybanini Yası şəhərində (müasir Türküstan) məğlub edirbər, bundan sonra özbəklər cənuba-Səmərqənd və Buxaraya çəkilməyə məcbur olublar. 1480-ci ildə Kerey xanın oğlu Burunduq xanın hakimiyyəti dövründə qazaxlar 50 min qazidən ibarət ordu toplayıb və Sırdərya çayı boyunca Məhəmməd Şeybaninin qüvvələrini dəfələrlə məğlub edib. Məhz onun hakimiyyəti dövründə, 1500-cü ildə özbəklər qazaxlarla sülh bağlayıb və Qazax xanlığı özbəklərin nəzarətindən çıxaraq suveren dövlətə çevrilib, bununla da Sırdərya çayının şimalındakı keçmiş Özbək xanlığının bütün torpaqları Qazax xanlığına verilib. (Bu hadisələrlə bağlı Heydər Duğlati XVI əsrdə yazdığı "Tarix-i Rəşidi" kitabında məlumat verib).
Qazax xanlığının genişləndirilməsi
Canibəyin oğlu Qasım 1511-ci ildə Qazax xanı olub və xanlığının süqutuna qədər Canibəyin nəsli tərəfindən idarə olunub. Onun hakimiyyəti dövründə Qazax xanlığı güclü bir dövlətə çevrilib və müasir Qərbi Qazaxıstan ərazisini işğal edən Noqay Ordası ilə müharibə aparıb. Qasım xan 1520-ci ildə Noqay xanlığının paytaxtı Sarayçiki uğurla ələ keçirib və Noqay Ordasını Həştərxan xanlığından qovub. Qasım xanın hakimiyyəti dövründə Qazax xanlığı müasir Avrasiya arenasında güclü nüfuz qazanan, siyasi təsirə malik dövlət idi. Qasım xan, həmçinin, incəsənətin, ədəbiyyatın və dinin əsas himayədarı idi və İslamın Qazax cəmiyyətində mühüm siyasi və sosial-mədəni yer tutmasına şərait yaradırdı. Onun hakimiyyəti dövründə Rusiya çarlığı Qazax xanlığı ilə diplomatik münasibətlər quran ilk böyük dövlət olub. Bu, Qasım xanın uğurlu lider kimi nüfuzunu möhkəmləndirib və onun imperiyası Qərbi Avropada perspektivli siyasi qurum kimi tanınıb.
Fars dilində yazılan “Tarixi Səfəvi” əlyazmasında Qasım xanın Dəşti-Qıpçağın böyük hissəsini ələ keçirməsindən bəhs olunur. Əlyazmada, həmçinin, səkkiz min əsgərdən ibarət qazax ordusunun Buxaralı Şeybani xanın İranın Xorasan şəhərini necə ilhaq etməsinə kömək etdiyi təsvir edilir.
Qasım xanın göstərişi ilə 1520-ci ildə "Qasım xanın Parlaq Yolu" adlı ilk Qazax xanlığının ilk qanunlar məcəlləsi yaradılıb. Qasım xan Şeybanilərin süqutundan sonra Teymuri lideri Baburla ittifaq bağlayıb, bu da Moğollar və Səmərqənd hakimləri tərəfindən yüksək qiymətləndirilib.
Dövlət xadimi və hərbi lider Mirzə Məhəmməd Heydər (1499-1551) "Tarix-i-Rəşidi" kitabında yazırdı: “Qasım xan bütün Dəşti-Qıpçağın mütləq hökmdarı oldu. Onun ordusunda bir milyondan çox adam var idi və o, Cuci xanın dövründən bəri heç kimin göstərmədiyi misilsiz şöhrət və güc səviyyəsinə çatdı”.
Qazax xanlığının inkişafında mühüm xidmətləri olan xanlar:
Xaknəzər xan
1537-ci ildə xan olan Xaknəzər xanın hakimiyyəti dövründə Qazax xanlığı bir neçə tərəfdən- qərbdən Noqay Ordası, şimaldan Sibir xanlığı, şərqdən Monqolustan və cənubdan Buxara xanlığının hücumlarlı ilə üzləşir.
Xaknəzər xən işğal olunmuş Qazax torpaqlarının azad edilməsinə başlayır. O, Sarı-Arkanın şimal bölgələrini Qazax xanlığına qaytarır, Sarayçiki və ətraf Qazax ərazilərini Noqay Ordasından geri alır, Manqışlağı fəth edir. Bundan sonra Xaknəzərin Monqolustana yürüşü başlayır və Monqolustanın məğlubiyyəti ilə başa çatır.
1568-ci ildə qazaxlar Emba çayında Noqay Ordasını uğurla məğlub edərək Həştərxana çatsalar da rus qoşunlarının təzyiqi nəticəsində geri çəkilməyə məcbur olurlar.
Şiqay xan
Xaknəzər xanın ölümündən sonra Cadık Sultanın oğlu Canibək xanın nəvəsi Şiqay xan 1580–ci ildə səksən yaşında taxta çıxıb və qazaxlar arasında nüfuzlu xan kimi tanınıb. Çiqay xan Qazax xanlığının xarici siyasətini davam etdirib, Qazax dövlətini gücləndirmək üçün Şeybaninin varisləri ilə münaqişələrdən ağıllı şəkildə istifadə edib.
1582-ci ildə Buxara xanı Abdullah Qazax xanı Şiqay və oğlu Təuekel Sultanla birləşərək Ulitauda Daşkənd hökmdarı Baba Sultana qarşı yürüş təşkil edirlər. Baba Sultan məğlub olur və Səmərqənd bölgəsindəki Afrikent əyalətinə qaçır.
Təuekel xan
16 il hakimiyyətdə olan Təuekel Xan Qazax xanlığının ərazilərini Daşkənd, Fərqanə, Əndican və Səmərqəndə qədər genişləndirir. 1598-ci ildə Qazax qoşunları Buxaraya yaxınlaşaraq şəhəri 12 gün mühasirədə saxladıqdan sonra şəhər tutulsa da, Buxara lideri Pir Məhəmməd və qardaşı Baki Məhəmmədin rəhbərliyi altındakı qazaxlar geri çəkilməyə məcbur olur. Bu döyüşdə Təuekel xan yaralanır və Daşkəndə qayıdan zaman yolda ölür.
Esim Xan
Təuekel Xanın ölümündən sonra Şıxan xanın oğlu Esim Sultan 1598-ci ildə taxta çıxır. Əhali Esim xanı "Ensegey boylı er Esim" adlandırıb. Onun hakimiyyəti Qasım xan və Xaknəzər xandan sonra Qazax Xanlığının daha da güclənməsinə səbəb olur. Esim Xan xanlığın paytaxtını Türküstandakı Sığnak şəhərinə köçürür, başlanan Qaraqalpaq üsyanlarını yatırdır.
Bunun ardınca Qazax xanlığı ilə Buxara xanlığı arasında 15 illik sakitlik yaranır.
1613-cü ildə Esim özbəklərin hücumlarını gəf edir və Səmərqəndi Qazax xanlığına qaytarır.
Esim xan Qazax ordusunu birləşdirərək Daşkənd xanı Tursun Məhəmmədə və Buxara xanlığına qarşı yürüş edir və 1627-ci ildə bu əraziləri öz torpaqlarına qatır, Daşkənd xanlığını ləğv edir və müharibə başa çatır. Esim xanın dövründə “Esim Xannın Eski Yolu” adlı Qanunlar da qüvvəyə minir.
Salqam Cahangir xan
Salqam Cahangir xanın hakimiyyəti dövründə şərqdə qazaxlara qarşı yeni və güclü bir rəqib olan Cunqar xanlığı meydana çıxır.
1643-cü ilin qışında Cinqar xanı Erdeni Baturun Qazax torpaqlarına hücumu ilə böyük bir döyüş başlayır. Cunqarlar Jetisu bölgəsinin böyük hissəsini ələ keçirir və təxminən 10 min adamı əsir götürürlər. Salqam Cahangir xan Cunqar hücumunu dəf etmək üçün 600 döyüşçü ilə Orbulak çayı boyunca hücuma keçir və məşhur Orbulak döyüşü baş verir. Səmərqənd hökmdarı Calanqtos Bahadur 20000 döyüşçü ilə Cahangir xanın köməyinə gəlir. Calanqtos Bahadurun köməyi sayəsində Salqam Cahangir xan döyüşdə qalib gəlir, Erdeni Batır geri çəkilməyə məcbur olur. Məğlub olan cunqarlar bu döyüşdə təxminən 10 min hərbçi itirirlər.
1652-ci ildə qazaxlar və cungarlar arasında baş verən üçüncü böyük döyüşdə qazax qüvvələri məğlub olur və Salqam Cahangir xan öldürülür.
Тəuке хан
Cahangir xanın ölümündən sonra 1672-ci ildə Təuke xan Qazax xanlığının hökmdarı olur. Onsuz da zəifləmiş qazaxlar Sairamda bir daha məğlub olur, böyük şəhərlərini itirirlər.
1687-ci ildə cunqarlar Türküstanı mühasirəyə alırlar və Sübhanqulu xanın gəlişindən sonra geri çəkilməyə məcbur olurlar.
1697-ci ildə Tsevanq Rabtan Cunqar xanlığının hökmdarı olur və bir neçə sərkərdəsini Təuke xanı özünə tabe etmək üçün göndərir. Cunqarlar və Qazax xanlığı arasında 1709, 1711–1712, 1714 və 1718-ci illərdə böyük müharibələr baş verir. Qazax xanlığı bu qarşıdurma nəticəsində zəifləyir və əhalisinin təxminən üçdə biri həlak olur. 1718-ci ildə Təuke xanın ölümündən sonra ideyasını verdiyi Qazax xanlığı üç cüzə-Böyük Cüz, Orta Cüz və Kiçik Cüzə bölünür. O vaxtdan etibarən hər cüzin öz xanı olur.
43 il hakimiyyətdə olan Təuke xan qazaxlar arasında ilk dəfə "Altı Alaş" ideyasını irəli sürüb ki, bununla da o dövlət həyatında yeni bir mərhələnin bünövrəsini qoyub. "Altı Alaş" bu qruplardan ibarət idi:
Şərqi Türkistanda yaşayan Qazax qrupları Böyük Cüzə, Orta Qazaxıstanda yaşayan Qazax qrupları Orta Cüzə, Qərbi Qazaxıstanda yaşayan qazaxlar Kiçik Cüzə mənsub idi. Bundan başqa "Altı Alaş"a qırğızlar; qaraqalpaqlar, Giyat və Katağan kimi qruplar daxil idi.
Təuke xan həmçinin Qazax xanlığının qanunlar məcəlləsini təkmilləşdirir və o, "Jeti Jarğı", "Yeddi Əsasnamə" adı ilə tanınır.
Abılay xan
1771-ci ildə xan olan Abılay xan Orta Cuzun xanı idi və digər iki cüz üzərində nəzarətini genişləndirməyə və bütün qazaxları öz tərkibinə daxil etməyə müvəffəq olmuşdu. Xan olmazdan əvvəl Abılay Qazax-Cunqar müharibələrində iştirak etmişdi və özünü istedadlı təşkilatçı və sərkərdə kimi tanıtmışdı. O, Kokand xanlığına və qırğızlara qarşı çoxsaylı yürüşlərə rəhbərlik edib, son yürüşündə onun qoşunları indiki Qazaxıstanın cənubundakı bir çox şəhərləri azad edib və Daşkəndi ələ keçirmişdi. Hakimiyyəti dövründə Abılay xanlığın Rusiya imperiyasından və Çindən müstəqilliyini qorumaq üçün çox iş görmüşdü.
Qazax xanlığının xanları:
Kerey Xan, Bolat Sultanın oğlu,1465 1482-ci illər
Canibek Xan, Barak Xanın oğlu, 1465...
Çipmunk Xan, Kerey Xanın oğlu,1482-1513...
Qasım Xan, Canibek Xanın oğlu,1513 1521...
İkihakimiyyətlilik dövrü, 1521-1551...
Mamaş Xan, Qasım Xanın oğlu,1521-1522...
Buydaş Xan, Adik Sultanın oğlu1521-1522...
Tahir Xan, Adik Sultanın oğlu,1522-1530...
Bauş Xan, Adik Sultanın oğlu, ikihakimiyyətlilik, 1530- 1537...
Tugum Xan, Adik Sultanın oğlu, ikihakimiyyətlilik,1530-1537...
Xoca Məhəmməd Xan, Adik Sultanın oğlu, 1535...
Axmat Xan, Caniş Sultanın oğlu,1533 1536...
Bulat Xan, Usek xanın oğlu,1537...
Xaknəzər xan, Qasım xanın oğlu,1530-1540...
Əhməd Gəray, Xaknəzər xanın oğlu,1530-1540...
Xaknəzər xan, Qasım xanın oğlu,1551-1580...
Toqum Xan, naməlum,1552-1556...
Şiqay Xan, Cadik Sultanın oğlu,1580-1582...
Təuekel Xan, Şiqay xanın oğlu,1582-1598...
Yesim Xan, Şiqay xanın oğlu,1598-1628...
Tursun Məhəmməd Xan, Cəlim Sultanın oğlu,1613-1627...
Zhanibek xan II, Yesim xanın oğlu,1628-1643...
Salqam Cahangir Xan, Yesim xanın oğlu,1643-1652...
Batır xan,1652-1672...
Təuke Xan, Salqam Cahangir xanın oğlu,1672 1715...
Kayıp Xan, Qusrau Sultanın oğlu,1715-1718...
Əbülxeyr xan, Kajı Sultanın oğlu,1718-1748...
Əbilmambet xan, Bolat xanın oğlu,1748-1771...
Abılay xan, Korkəm Vəli Sultanın oğlu,1771-1781...
Kenesarı xan, Qasım Sultanın oğlu, sonuncu xan,1841-1847...
Aliken, Qarabaş Sultanın oğlu, rusların təyin etdiyi, qazaxlar təərəfdən qəbul olunmayan xan, 1858-1859/1860...
* * *
Kəşmirdə yaşayan görkəmli sərkərdə, dövlət xadimi, alim, Türküstan, Monqolustan, o cümlədən Qazax xanlığı ilə bağlı "Tarix-i-Rəşidi" fundamental əsərinin müəllifi Məhəmməd Heydər Dulatinin (1499-1551) yazdığına görə, Qasım xanın hakimiyyəti dövründə hərbi süvarilərin sayı 300 min nəfərə çatıb. Qazax xanlığının döyüşçüləri beş müxtəlif silah növündən- kibrit tüfəngləri, qılınclar, nizə, yay, dəyənəklər və baltalardan istifadə ediblər. Dövlətin xana tabe olan minlərlə döyüşçüsü olan daimi ordudan əlavə hərbi əməliyyatlar zamanı müxtəlif qəbilələrdən səfərbər olunan əsgərlərdən də istifadə olunub və döyüşlərdən sonra onlar qəbilə bazalarına qayıdıblar. Köçəri qazaxların Tumennik (10 min döyüşçü), Minlik (1000 döyüşçü), Sotnik (100 döyüşçü) və Desyatnik (10 döyüşçü) kimi müxtəlif səviyyəli hərbi hissələri var idi. Bu hərbi birləşmələrin kökləri türklərə (Göytürklər) gedib çıxır və onlardan geniş istifadə olunub. Belə birləşmələrə Çingiz xan və Əmir Teymurun ordularında da rast gəlinib. Qazax xanlığında xüsusi hərbi təcrübəyə malik olan batırlar hərbi strukturlarda əsas rol oynayıblar. Batırlıq hərbi qurumun vacib tərkib hissəsi hesab olunub, onlar hətta xanlara məsləhət veriblər. Məsələn, Sadır tayfasından, Nayman nəslindən olan Aldiyar batır Təuke xanın sağ əli idi və xanların hərbi və siyasi məsləhətçisi kimi xidmət edirdi.
Qazax xanlığınin parçalanması və Rusiya tərəfindən işğal edilməsi
Qazax xanlığı ərazilərinin tədricən tənəzzülü, parçalanması və Rusiya İmperiyasına birləşdirilməsi 18-ci əsrin ortalarında başlayıb və 19-cu əsrin ikinci yarısında başa çatıb. 18-ci əsrin ortalarında Cunqarlar və Oiratlarla uzun sürən silahlı münaqişələr nəticəsində Qazax xanlığının tənəzzülə uğradığı və əvvəllər konfederasiya şəklində olan xanlığını üç cüzə parçalanması haqqında məlimat verilmişdi. 1731-ci il oktyabrın 10-da Kiçik Cüzün xanı Əbülxeyr Rusiya xanı Annaya sədaqət andı içərək Rusiyadan kömək almaq, iqtisadi sabitliyi təmin etmək və rəqibi Sultan Kayıpa qarşı durmaq əzmində idi. Çox keçmədən Orta Cüz xanı Semeke eyni şərtlərlə ruslarla əməkdaşlığa razılıq verir. Bununla da rus hökmdarları Kiçik və Orta Cüz xanlarını təyin etmək və onlara daha çox təsir göstərmək hüququnu əldə edirlər. Xanlar daxili münaqişə və qarşıdurmalarda, rəqiblərinə qarşı mübarizədə daha çox Rusiyadan kömək istəyir və bütün hallarda bu yardımı ala bilirdilər.
1781-ci ildə Əbül Mənsur xanın ölümündən sonra Orta Cüz nominal olaraq onun oğlu Vəlinin hakimiyyəti altında idi, lakin Vəli heç vaxt bütün Cüz üzərində nəzarəti ələ keçirə bilməyib. Nizam-intizamı bərpa etmək cəhdi ilə Rusiya 1798-ci ildə qazaxlar arasındakı mübahisələri həll etmək üçün Petropavlovskda bir tribunal yaradır, lakin qazaxlar buna məhəl qoymur. 1817-ci ildə Vəlinin və 1818-ci ildə rəqibi Bukeyin ölümündən sonra Rusiya Orta Cüz xanlığını ləğv edir.1822-ci ildə Rusiya əvvəllər Orta Cüz tərəfindən işğal olunan torpaqları Sibir qırğızlarının ərazisi adlandırmağa başlayır və bir sıra inzibati islahatlar tətbiq edir.
1827-1828-ci illərdə Kayip Əlinin Bukey Ordasına rəhbərlik etdiyi dövrdə Ural çayını keçməyə mane olan rus qarnizonuna qarşı qazaxların ilk ciddi müqaviməti və digər qarşıdurmalar baş verir. Hərəkat 1838-ci ilin iyul ayında yatırılır.
1837-ci ilə qədər Kenesarının rəhbərlik etdiyi Orta Cüzün bəzi tayfaları rus işğalçılarına qarşı müharibəyə başlayır. Kenesarı xan bütün Orta Cuz xalqını ruslara qarşı birləşdirməyə müvəffəq olur. Rusiya 1846-cı ildə Kenesarını təslim etmək üçün kifayət qədər qüvvə göndərdikdən sonra müharibə sonra çatır və o,1847-ci ildə Kokand xanlığının qüvvələri ilə döyüşdə ölür.
Rusiyanın müstəmləkə siyasəti Qazaxıstan torpaqlarında rus hərbi qalalarının, çoxsaylı yaşayış məntəqələrinin və xarici hökmranlığın yaradılmasına gətirib çıxarır. Rusiya İmperiyası yerli özünüidarəetməni, köçürmə siyasətini tətbiq edən bir sıra qanunlar qəbul edir ki, bu da çoxsaylı üsyanlara səbəb olur. Güclənən müqavimət hərəkatlarına Məxəmbet Utemişulı (1836–1838) və Eset Kotibarulı (1847–1858) kimi liderlər rəhbərlik ediblər.
Bu vaxt Böyük Cüz sarayı cənubdan Buxara əmirliyinin və Kokand xanlığının tərəfini tutur və Rusiya imperiyasının genişlənməsinə qarşı çıxır. XIX əsrin ikinci yarısında bütün Qazax xanlığının torpaqları üzərində tam rus hakimiyyəti qurulur,cənubda Ağ Məscid, Çimkənt, Auley-Ata və digər şəhərlər Rusiyanın imperiya ordusu tərəfindən ələ keçirilir.
Kenesarı xan
1841-ci ildə xan olan Abılay xanın nəvəsi, Qazax xanlığının son hökmdarı hesab edilən Kenesarı xan qazaxları sonuncu dəfə birləşdirmək məqsədi ilə Kiçik Cüz xanı Şerqazı Məhəmməd xanı və Böyük Cüz xanı Qubaidullah xanı məğlub edən sonuncu qazax xanı idi. Həmin il Ümumqazax Qurultayında Kenesarı bütün qazax nümayəndələri tərəfindən ali lider seçilib və tacqoyma mərasimi qazax xalqının ənənələrinə uyğun olaraq keçirilib.Hakimiyyət illərində və ondan sonra o, Qazax torpaqlarının ələ keçirilməsinə, Rusiya imperiyasının işğalçılıq siyasətinə müqavimət göstərən milli azadlıq hərəkatının lideri olub.
19-cu əsrin ortalarında Qazax xanlığı Rusiya imperiyasının tam nəzarəti altına keçərək öz liderlərini seçmək hüququndan məhrum olmuşdular. Bütün vergi gəlirlərinə qazaxlar yox, ruslar nəzarət edirdi. Kenesarı xan 1847-ci ilə-ölən gününə qədər Rusiyanın imperiya qüvvələrinə qarşı mübarizə aparıb.
Rusiya İmperiyasının getdikcə daha aqressiv və qəddar siyasətinə qarşı çıxan azad fikirli , mübariz və xalqın lideri Kenesarı xan düşmənə qarşı amansız bir hərbi strateq idi.1846-cı ildə Kenesarı xanın müqavimət hərəkatı öz varlığını itirmək üzrə idi, çünki varlı həmfikirlərinin bəziləri rüşvət və böyük sərvət müqabilində Rusiya İmperiyasının tərəf keçmişdilər.
1844-cü ilin fevral ayında rusların kazak qüvvələri Kenesarının kəndini ələ keçirir və bir neçə yüz nəfəri, həmçinin Kenesarının böyük arvadını əsir götürür, müqavimət göstərənlər öldürülür. Həmin ilin payızında ruslardan və kazaklardan ibarət hərbçilər yenidən Kenesarını axtarmağa göndərilir, onu tapa bilmədikdə günahsız bir kəndi tam olaraq yer üzündən silərək axtarışı davam etdirirlər.
1847-ci ildə Kenesarı xan şimali qırğız torpaqlarına hücum zamanı rusların köməyi ilə qırğız xanı Ormon xan tərəfindən ələ keçirilir, edam edilir, başı kəsilərək ruslara göndərilir. Bunun müqabilində Ormon xan ruslar tərəfindən böyük əmlak və rəsmi inzibati vəzifə ilə mükafatlandırılır.
Kenesarı xan Rusiya İmperiyasının müstəmləkə sisteminə qarşı milli azadlıq hərəkatına rəhbərlik edən, xalq tərəfindən tanınan Qazax xanlığının sonuncu xanı idi.
Kenesarı xan üst-üstə 23 il həm xan, həm də ordu komandanı kimi ruslara qarşı müharibə aparıb, Xan Şurasını yaradıb, diplomatiyanı, Xan ordusunu, vergi sistemini qurub.
Və qaçaq yox, siyasi rəqib kimi öldürülüb.
Son on ildə Kenesarı xan Qazaxıstan ədəbiyyatında və mediasında milli qəhrəman kimi təqdim edilir. Qazaxıstanın paytaxtı Astanadakı Esil çayının sahilində Kenesarı xanın abidəsi ucaldılıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd