Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynada mümkün yerləşdirilməsinə hazırlıq üçün 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı açıqlayıb.
"Müdafiə naziri yanvarın 9-da bu il üçün 200 milyon funt sterlinq ayrıldığını təsdiqləyib. Həmin vəsait Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıqların maliyyələşdirilməsi üçün ayrılacaq", - Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı kommünikedə belə deyilir.
Vəsaitlər "nəqliyyat vasitələrinin, rabitə sistemlərinin təkmilləşdirilməsi, dron əleyhinə yeni imkanların tətbiqi və lazım gələrsə, qoşunların yerləşdirilməsinə hazırlıq məqsədilə əlavə personal mühafizəsi avadanlıqları" üçün istifadə olunacaq.
Nazirlik vurğulayıb ki, vəsait Müdafiə Nazirliyinin əsas büdcəsindən ayrılır və bu səylərin maliyyələşdirilməsi Böyük Britaniyanın müttəfiqlərinə və düşmənlərinə Londonun Ukraynaya çoxmillətli qüvvələr göndərmək niyyətində olduğunu nümayiş etdirmək məqsədi daşıyır.