AZ

Qazax məktəblilərinə üzmək də öyrədiləcək

Bu xəbərlə tanış olanda ani olaraq orta əsrlərdə Şərqdə çox məşhur olan “Qabusnamə” əsərində oxuduğum bir məqamı xatırladım. Orada deyilir ki, ata-ananın öz oğlu qarşısında yerinə yetirilməsi vacib olan bir neçə vəzifəsi var. Onlardan biri də uşaqlarına mütləq üzməyi öyrətməsidir.

Axı, həyat sürprizlərlə doludur. Elə məqam ola bilər ki, insan üzməyi bacarmasa, həyatını itirə bilər. Yaxud qəflətən çaya düşən doğmasını xilas etməkdə çətinlik çəkə bilər.

Düz sözə nə deyəsən? Qazaxıstan Su Oyunları Federasiyasının prezidenti Dmitri Balandin də məhz belə düşünür. O bu günlərdə hökumətinin iclasında çıxış edərək təklif edib ki, Qazaxıstanın bütün orta ümumtəhsil məktəblərində şagirdlərin istisnasız olaraq üzməyi bacarmaları lazımi tədbirlər görülsün.

D.Balandin çıxışında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən bildirib ki, 2024-cü ildə Yer kürəsində 236 min insan suda boğulub. Onlardan 82 mini 1-14 yaş arasında olan uşaqlardır. D.Balandinin sözlərinə görə, Qazaxıstanın özündə də hər il yüzlərlə uşaq üzməyi bacarmadığı üçün həyatını itirir.

Qazaxıstan hökuməti D.Balandinin qaldırdığı məsələni diqqətdən kənarda qoymayıb. Hökumət üzvləri bununla bağlı fikir mübadiləsi aparıblar və sonda Qazaxıstan Maarif Nazirliyinin rəhbərliyinə tapşırıb ki, federasiyanın mütəxəssisləri ilə birlikdə məktəblərdə uşaqların üzməyi öyrənmələri üçün tədbirlər planı hazırlasın.

Qırğız mətbuatı yazır ki, nazirlik, artıq bu qərarın icrasına başlayıb. Belə ki, birinci mərhələdə Almatı və Astana şəhərlərindəki orta ümumtəhsil məktəblərinin şagirdlərin üçün həm dövlətə məxsus olan, həm də özəl üzgüçülük hovuzlarında təlimlər keçiriləcək. Sonra isə ölkənin digər şəhər, qəsəbə və kəndlərindəki təhsil müəssisələrinin şagirdləri üçün analoji addımlar atılacaq.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr