ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər Suriyada SDG/YPG/PYD silahlı birləşmələrinin ölkədə siyasi sabitliyi yenidən pozmaq istiqamətində atdığı addımlar Dəməşqin sərt reaksiyası ilə üzləşdi. Suriya hakimiyyəti bu qüvvələri dialoqa dəvət etsə də, çağırışlar cavabsız qaldı və təxribatlar davam etdirildi. Nəticədə Dəməşq məhdud miqyaslı hərbi əməliyyata başlayaraq qısa müddətdə SDG/YPG/PYD qüvvələrini zərərsizləşdirdi. Hazırda prosesin son mərhələsinə keçildiyi bildirilir.
Baş verənlər bir daha göstərdi ki, SDG/YPG/PYD strukturları Suriyada daxili sabitliyi pozmaq üçün xarici qüvvələrin əlində alət rolunu oynayır. Bu cəhdlər bölgədə daha böyük geosiyasi oyunların tərkib hissəsi olsa da, Ankaranın qətiyyətli mövqeyi və çevik diplomatik fəaliyyəti nəticəsində planlar iflasa uğradıldı. Türkiyə Suriyada həm təhlükəsizlik, həm də siyasi sabitlik məsələsində qırmızı xətlərinin dəyişməz olduğunu açıq şəkildə ortaya qoydu.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları bu strategiyanın mahiyyətini aydın şəkildə ifadə edir. Onun sözlərinə görə, PKK-nın davamı olan SDG yalnız güc və ya güc tətbiqi təhdidi ilə dialoqa məcbur edilə bilən bir strukturdur. Fidanın vurğuladığı kimi, bu təşkilat real dialoq tərəfdarı olmadığını dəfələrlə sübut edib və yalnız hərbi-siyasi təzyiq qarşısında mövqeyini dəyişir.
Nazirin diqqət çəkdiyi əsas məqamlardan biri də SDG/YPG-nin regiondankənar aktorlarla, xüsusilə də İsraillə davamlı təmaslarıdır. Bu əlaqələr Suriyanın ərazi bütövlüyünü və regional sabitliyi hədəf alan “parçala və hökmranlıq et” strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Fidanın sözlərinə görə, bölgədəki ölkələrin və ABŞ-ın baxışı müəyyən nöqtələrdə üst-üstə düşsə də, İsrailin yanaşması bölgədə daimi xaos yaratmağa hesablanıb.
Hadisələrin gedişi göstərir ki, SDG/YPG/PYD-in siyasi manevr imkanları tükənmək üzrədir. Hərbi meydanda tək qalan bu qüvvələr daxildə ciddi parçalanma ilə üzləşib. Dəstək mexanizmlərinin zəifləməsi və legitimliyin itirilməsi təşkilat daxilində böhranı dərinləşdirir. Paralel strukturların uzunmüddətli perspektivdə yaşamaq şansı getdikcə azalır.
Ankara üçün əsas məqsəd Suriyada vahid dövlət strukturunun bərpası və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların mərkəzi hakimiyyət tərəfindən idarə olunmasıdır. Hakan Fidanın vurğuladığı inteqrasiya proqramı bu baxımdan real və tətbiq edilə bilən model kimi təqdim olunur. Qeyri-real olan isə PKK-nın bu prosesdən kənarda qalmaq və paralel hakimiyyət yaratmaq cəhdləridir.
Türkiyənin bu mərhələdə oynadığı rol onu təkcə təhlükəsizlik təminatçısı deyil, eyni zamanda bölgədə oyun quran əsas aktora çevirir. Ankara yalnız təhdidlərə cavab vermir, həm də region üçün alternativ siyasi və təhlükəsizlik arxitekturası formalaşdırır. Son hadisələr Türkiyənin milli maraqlarını müdafiə etmək qüdrətinə malik olduğunu və Yaxın Şərqdə sabitlik, təhlükəsizlik və sülhün təmin olunmasında birmənalı mövqeyə sahib olduğunu bir daha sübut etdi.
Nəticə etibarilə, SDG/YPG/PYD-in Suriyada yaratmağa çalışdığı xaos ssenarisi uğursuzluğa düçar oldu. Ankara isə həm hərbi, həm də diplomatik müstəvidə rəqiblərinə açıq mesaj verdi: Türkiyə artıq Yaxın Şərqdə təkcə oyun pozan deyil, eyni zamanda yeni oyun qaydalarını müəyyən edən əsas gücdür.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.