AZ

Media: ABŞ və Ukrayna 800 milyard dollarlıq yenidənqurma müqaviləsi imzalaya bilər

Bakı, 10 yanvar, AZƏRTAC

ABŞ və Ukrayna hökumətlərinin müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi dəyəri 800 milyard dollar olan ikitərəfli müqavilə imzalayacağı bildirilir.

AZƏRTAC Britaniyanın “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə gələcək sazişin bütün detallarını müzakirə edə bilər.

Qəzetin məlumatına görə, plana əsasən, on il ərzində Ukraynaya ümumilikdə 800 milyard dollar həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Bu vəsaitin, o cümlədən özəl şirkətlərin iştirakı ilə Ukraynaya bir sıra investisiyaların cəlb edilməsinə töhfə verəcəyi gözlənilir. Bununla belə, nəşr Davos çərçivəsində Ukraynada yerləşdiriləcək mümkün “təhlükəsizlik qüvvələri”nin yaradılmasına dair razılaşmanın imzalanıb-imzalanmayacağı barədə məlumat verməyib.

Bundan əlavə, qəzetin mənbələri bildiriblər ki, Zelenski ABŞ-da Ağ Ev rəhbəri ilə görüşməyə hazır olub, lakin Avropa liderləri onu bu səfərdən çəkindirərək görüşün Davosda keçirilməsini məqsədəuyğun hesab ediblər. Mənbələrin sözlərinə görə, onlar Zelenskiyə ABŞ Prezidenti ilə danışıqlara tələsməməyi tövsiyə ediblər.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun 19–23 yanvar tarixlərində “Dialoq ruhu” mövzusu altında keçirilməsi planlaşdırılır.

Seçilən
92
azertag.az

1Mənbələr