Bakı, 9 yanvar, Tatyana İvanaeva, AZƏRTAC
Azərbaycan incəsənətinin ilk növbədə Avropa və ABŞ-da tanıdılması prosesində əsas problemlər sırasında azərbaycanlı rəssamların kifayət qədər tanınmaması, beynəlxalq incəsənət institutlarında (qalereyalar, muzeylər) məhdud təmsil olunması, eləcə də coğrafi mövqe və sponsor dəstəyinin zəifliyi səbəbindən incəsənət bazarına çıxışda yaranan çətinliklər dayanır. Bununla yanaşı, incəsənəti təmsil və təşviq edə bilən kuratorların, art-tənqidçilərin və menecerlərin çatışmazlığı, həmçinin Azərbaycan incəsənətinin Qərb auditoriyası üçün aydın və anlaşılan interpretasiya modelinin formalaşdırılmasında mövcud olan çətinliklər də problem olaraq qalır.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənətdə abstrakt vektor” adlı kitabın müəllifi Elçin Şamilli bildirib. Müsahibimiz yerli rəssamların adlarının Azərbaycanın hüdudlarından kənarda daha tanınan və tələbatlı olması üçün hansı addımların atılmalı olduğunu izah edib.
Sənətşünasın fikrincə, “müasir incəsənət” anlayışının ötən əsrin 60-cı illərində formalaşmasına və XXI əsrin artıq dörddə birinin geridə qalmasına baxmayaraq, çağdaş Azərbaycan rəssamlıq məktəbi hələ də tam şəkildə təşəkkül tapmayıb: “Bu gün rəssamlıq məktəbi adlandırdığımız anlayış əslində sovet dövrü məktəbinin və onun alt mühitinin yaratdığı irsin davamı və inersiyasıdır”.
Elçin Şamillinin qənaətinə görə, Azərbaycan rəssamlığının misilsiz yüksəliş dövründə, yəni, yetmiş il əvvəl əsası qoyulan bu məktəbə tələbat az da olsa qalmaqdadır: “Lakin həmin məktəbin potensialı tam reallaşdırılmayıb. Bununla yanaşı, sosial-tarixi mühit və ümumi atmosfer dəyişib. Ekspertin vurğuladığı kimi, bu amillərin üst-üstə düşməsi maraqlı nəticələr ortaya çıxara bilər. Artıq qlobal müasir incəsənət sistemi daxilində fəaliyyət göstərən azərbaycanlı müəlliflər meydana çıxıb. Onların sırasında Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Əhməd, Fərhad Fərzəliyev, Rəşad Ələkbərov, Sabina Şıxlinskaya, Çingiz Babayev və Teymur Daimi var. Bu müəlliflərin hər biri fərdi yaradıcılıq üslubu ilə seçilir”.
Müsahibimiz bildirir ki, müasir incəsənət formatında yeni konsepsiyaların meydana çıxması “paralel dünyalar” effekti yaradıb. Onun sözlərinə görə, orijinallıq anlayışı dəb anlayışı ilə əvəzlənməməlidir: “Müxtəlif tendensiyalar müxtəlif vizual və konseptual dillər deməkdir və bu da geniş imkanlar spektri yaradır. Əsas məsələ konkret müəllifin hansı vizual dil vasitəsilə və hansı konsepsiya çərçivəsində özünü dolğun şəkildə ifadə edə bilməsindədir”.