
Avropa İttifaqı (Aİ) Komissiyası sədri Ursula Von der Leyen Aİ Şurası sədri Antonio Kosta ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə etdikləri ilk səfərdə ölkəni bərpa və yenidənqurma prosesində dəstəkləyəcəkləri mesajını verib.
Von der Leyen və Kosta Dəməşqdə Suriyanın Prezidenti Əhməd Şara ilə görüşdən sonra açıqlama veriblər.
Von der Leyen X-də paylaşım edərək “On illərlə davam edən qorxu və səssizlikdən sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir səyahətə başlayıblar. Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək” deyib.
Kosta isə “Uzun illər davam edən müharibə və acılardan sonra Əsəd rejiminin devrilməsi nəhayət Suriya xalqına bir ümid işığı oldu. Bu gün buradayıq ki, Aİ-nin Suriyaya davamlı dəstəyini göstərək. Qarşıda hələ uzun bir yol var, amma siz artıq ilk addımları atdınız” deyə əlavə edib.
Qeyd edək ki, bu görüş Əsəd rejiminin devrilməsindən sonra Aİ-nin Suriyaya etdiyi ən yüksək səviyyəli səfər olub.
Xatırladaq ki, Aİ 2025-ci il mayın 20-də Suriyaya tətbiq olunan sanksiyaları ləğv etmişdi.
Aİ Komissiyasının Aralıq dənizi məsələləri üzrə üzvü Dubravka Suica isə 2025-ci ilin iyununda Suriyanı ziyarət edərək, ölkənin yeni rəhbərliyi ilə sabit və firavan bir dövlətə çevrilməsi üçün Aİ-nin dəstəyini çatdırmışdı.