AZ

Nəsimi Nəbizadənin qaçdığı mərkəzin rəhbəri: Kişi kişi danışırdı

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Bildiyimiz kimi, tanınmış jurnalist Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzindən ayrılıb.

Mərkəz tərəfindən yayılan məlumatda bildirilib ki, gəzintiyə çıxan jurnalist restoranı tərk edib və geri qayıtmayıb. Daha sonra onun Abşeron rayonunun Saray qəsəbəsində olduğu məlum olub.

Məsələ ilə bağlı “Cebheinfo.az” “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla əlaqə saxlayıb.

Ceyhun Salmanov bildirib ki, həmin hadisədən sonra Nəsimi Nəbizadəni görə bilməyib və onun həmin vaxt evində olub-olmadığını dəqiq bilmir:

“Nəsimi Nəbizadənin yaşı 50 -dın yuxarıdır. Mərkəzə gətirilən zaman istifadə etdiyi maddələr onun səhhətini çox pis vəziyyətə salmışdı. Həmin vaxt onu razı sala bildik və bu müddət ərzində ona kifayət qədər çəkmişik. İndi özünə gəlib. Bu cür addım atırsa, bu, artıq onun şəxsi qərarıdır.

Fəxri xiyabana gedəndə elə danışdı ki, sanki camaata dərs verdi. İndi isə belə hərəkət edir. Restoranda süfrədən durub, ona yaxşılıq edən adama heç nə demədən oranı tərk edib. Onu təxminən dörd saat gözlədim, amma gəlmədi.

Onunla danışa bilmədim. Tək istədiyim bir dəfə gözlərinin içinə baxmaq idi. Onun gözünə 30-40 saniyə baxıb çıxıb gedim. Verdiyi vədləri, “kişi-kişi” danışığını xatırlatmaq istəyirdim. Çünki deyirdi xalqıma belə xidmət edəcəyəm, gəncləri elə maarifləndirəcəyəm.

Amma görüşmək mümkün olmadı. Heç bilmədik, orada idi, yoxsa yox. Onu görmədik. Qohumları gəlmişdi, bacısını da ora çağırmışdıq, amma gəlməsi mümkün olmadı. Dostları da hamısı gəlmişdi ki, başa salsınlar, bu “konserti” qurtarsın. Hamı birlikdə ona dəstək olmaq istəyirdi. Amma tapa bilmədik. Bəlkə içəridə idi, sadəcə qapını açmadı, bilmirəm. Sonradan isə gecə saat 4-də qonşu mənə zəng etdi və dedi ki, pəncərədən onunla danışıb”.

O qeyd edib ki, mərkəz MMC kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir:

“Bizim mərkəz elə mənim nəzarətim altındadır. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bütün reabilitasiya mərkəzləri MMC kimi qeydiyyatdan keçib fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi mərkəzimizə mütəmadi olaraq nəzarət edir. Prokurorluq tərəfindən daimi nəzarət həyata keçirilir. Yaxın vaxtlarda prokurorluq bütün reabilitasiya mərkəzlərində, o cümlədən bizim mərkəzdə geniş yoxlamalar aparıb”.

Ceyhun Salmanov əlavə edib ki, fəaliyyət göstərdikləri sahə olduqca çətin və həssasdır:

“Mən özüm yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam. “Qurtuluş” Reabilitasiya Mərkəzi sağalma faizinə görə dünyada birinci yerdə qərarlaşıb. Çünki ilk dəfə olaraq xarici ölkələrdən müxtəlif vaxtlarda peşəkar mütəxəssislərin dəvət etmişik. Bununla bağlı statistika da təqdim olunub.

Lakin işlədiyimiz çətin və həssas qrupdur. Cəmiyyətdə narkoman anlayışı ilə bağlı əvvəldən formalaşmış mənfi bir fikir var ki, sanki bu, insanın düşə biləcəyi ən son vəziyyətdir. Mən illərdir onlarla işləyirəm və görürəm.  Sanki  insan formasında məxluqla işləyirsən. Çünki narkotik insan beynini tamamilə qurudur”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
1
cebheinfo.az

2Mənbələr