Azərbaycanda internet xidmətlərinin keyfiyyəti son illərdə diqqət mərkəzindədir. Ölkədə fiberoptik xətlərin genişlənməsi rəqəmsal infrastrukturun inkişafını sürətləndirib və istifadəçilərə yüksəksürətli internetə çıxış imkanı yaradıb. Hələ də internetin sürəti və stabilliyi beynəlxalq standartlarla müqayisədə kifayət qədər yüksək deyil və istifadəçi təcrübəsi tam olaraq gözləntilərə cavab vermir. Bu baxımdan, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə ölkənin aparıcı internet provayderləri arasında keçirilmiş geniştərkibli görüşdə 2026-cı il üçün internet keyfiyyətinin yüksəldilməsi məqsədləri ətraflı müzakirə edilib.
Görüşdə vurğulanıb ki, internetin keyfiyyəti yalnız operator şəbəkəsindən asılı deyil. Modem parkı, evdaxili “Wi-Fi” sistemlərinin tənzimlənməsi, marşrutlama, beynəlxalq çıxışlar, məzmun çatdırılma şəbəkələri (CDN), evdaxili siqnal zəifləməsi və “mesh” texnologiyaları da real nəticəyə ciddi təsir göstərir. Buna görə də 2026-cı ildə internetin sürətinin və stabilliyinin yüksəldilməsi üçün kompleks və sistemli yanaşma tələb olunur.
Gələn il üçün əsas hədəflər arasında fiber “backhaul” və magistral xətlərin modernizasiyası xüsusi önəm daşıyır. Backbone xətlərin gücləndirilməsi və ötürmə tutumunun artırılması internet trafikinə davamlılıq qazandıracaq, pik saatlarda sürətin stabilliyini təmin edəcək. Bu tədbir həm də ölkədaxili trafik üçün dayanıqlı infrastruktur yaratmaqla, internet xidmətlərinin keyfiyyətini bütün ərazilərdə bərabər səviyyəyə çatdıracaq.
Evdaxili “Wi-Fi” sistemlərinin optimallaşdırılması da hədəflər sırasında mühüm yer tutur. Beton divarlı binalarda siqnal itkisi 50–80% civarında ola bilər. Buna görə də “Wi-Fi 6”, “Wi-Fi 6E” və “mesh” texnologiyalarının geniş tətbiqi planlaşdırılır. Modemlərin düzgün tənzimlənməsi ilə 2.4 və 5 GHz şəbəkələrinin eyni “SSID” və şifrə ilə idarə olunması cihazların avtomatik olaraq daha sürətli bağlantıya qoşulmasını təmin edəcək və istifadəçi şikayətlərini minimuma endirəcək.
Beynəlxalq və ölkədaxili trafikin optimallaşdırılması və marşrutlamanın səmərəli qurulması gecikməni azaldaraq internetin stabilliyini yüksəldəcək. Pik saatlarda yüklənmənin balanslaşdırılması axşam saatlarında internetin sürətini sabit saxlamaq və fasilələri minimuma endirmək məqsədilə prioritet hədəf kimi müəyyən edilib.
CDN-lərin ölkə daxilində genişləndirilməsi internetin sürətini birbaşa artıracaq. Populyar platformaların kontenti yerli serverlərdə saxlanacaq, videolar daha tez yüklənəcək və fasilələr minimuma endiriləcək. Bu tədbir eyni zamanda beynəlxalq çıxışlarda yüklənməni azaldaraq ümumi şəbəkə performansını yaxşılaşdıracaq. Yeni nəsil GPON və XGS-PON texnologiyalarının tətbiqi isə 10 Gbit/s sürət imkanına malik paketlərin kommersiya istifadəsinə çıxarılmasına şərait yaradacaq və yüksək sürət tarif paketlərinin kütləvi təklifinə imkan verəcək.
Şəbəkə monitorinqi və real vaxt analiz sistemi vasitəsilə tıxac nöqtələri və performans zəiflikləri avtomatik aşkarlanacaq. Bu yanaşma istifadəçi şikayətləri yaranmadan problemlərin həllini mümkün edir və internet xidmətlərinin dayanıqlılığını artırır. Standartların yenilənməsi, “Wi-Fi 6” modemlərin minimum standart kimi tətbiqi və köhnə “Wi-Fi 4 və 5” cihazların dövriyyədən çıxarılması internet sürətinin minimum həddini yüksəldəcək.
Son məqsəd isə istifadəçilərin maarifləndirilməsi, evdaxili şəbəkənin düzgün qurulması və “Wi-Fi” istifadəsi ilə bağlı ictimai təlimatların hazırlanmasıdır. Bu tədbirlər istifadəçilərin gündəlik təcrübəsini yaxşılaşdırmaqla yanaşı, internetin daha səmərəli və təhlükəsiz istifadəsini təmin edəcək.
Beləliklə, 2026-cı ildə bütün bu məqsədlərin həyata keçirilməsi ilə Azərbaycanda internet daha dayanıqlı, sürətli və yüksək keyfiyyətli olacaq. İKTA yaxın dövrdə bütün provayderlərlə analoji görüşləri davam etdirərək ölkə üzrə internet keyfiyyətinin yüksəldilməsi üçün vahid yanaşma tətbiq edəcək. Bu addımlar istifadəçilərin rəqəmsal təcrübəsinə birbaşa təsir göstərəcək və ölkədə uzunmüddətli dayanıqlı internet xidmətini təmin edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov da bu istiqamətdə islahatların davam etdirilməsini vacib sayır. Onun sözlərinə görə, bu sahədə ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var: “Telekommunikasiya haqqında” mövcud qanun hələ 2006-cı ildə qəbul olunub və sonrakı dövrdə texnologiyaların sürətli inkişafı, yeni çağırışların meydana çıxması bu qanunu faktiki olaraq köhnəldib. Hazırda internet sahəsini tənzimləyən vahid və sistemli normativ sənəd mövcud deyil. İnternet xidmətləri üzrə standartlar müəyyənləşdirilməyib və Agentliyin fəaliyyətini tam təmin edəcək müvafiq normativ-hüquqi baza formalaşmayıb”.
Onun sözlərinə görə, yeni qanun layihəsi üzərində iş aparılsa da, proses xeyli ləngiyir: “Məhz bu gecikmə Agentliyin fəaliyyətini lazımi səviyyədə təşkil etməsini məhdudlaşdırır. Normativ boşluqlar isə internet xidmətlərinin keyfiyyət göstəricilərinə birbaşa təsir edir”.
Ekspert hesab edir ki, mövcud problemlərin həlli üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir və bu, qarşıda duran əsas çağırışdır: “Məndə olan məlumata görə, artıq “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir. Bu sənəd təsdiq ediləndən sonra ölkədə texnologiyalar sahəsində inkişaf daha da sürətlənəcək”.
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, qlobal yanaşmada bir çox ölkədə internetin minimal sürəti tənzimləyici qurumlar tərəfindən müəyyən edilir və bu, artıq beynəlxalq praktikada qəbul olunmuş reallıqdır. Onun sözlərinə görə, Azərbaycanda bu məsələ hələ rəsmi şəkildə tənzimləyici tərəfindən təsdiqlənməsə də, faktiki vəziyyət göstərir ki, ölkə üzrə internetin alt limiti 100 Mbit/s səviyyəsində formalaşıb.
Ekspert vurğulayıb ki, internetin keyfiyyəti məsələsinə müasir texnoloji reallıqlar fonunda yanaşmaq lazımdır: “Bu gün dünyada kontent getdikcə daha yüksək keyfiyyətli olur, videolar və vizual materiallar daha böyük həcm tələb edir. Məhz bu baxımdan 150 Mbit/s və daha yüksək sürətli internet artıq arzuolunan deyil, zəruri hala çevrilib”.
Onun fikrincə, hazırda videozənglərin HD, Full HD, hətta 4K və 8K formatlarda aparılması, filmlərin 4K keyfiyyətində izlənməsi geniş yayılıb və bu imkanlardan rahat istifadə üçün 100–150 Mbit/s-dən yuxarı sürət tələb olunur. O əlavə edib ki, bu tələblər təkcə əyləncə deyil, eyni zamanda uzaqdan təhsil və onlayn iş sistemləri üçün də vacibdir.
Mütəxəssis bildirib ki, internet istifadəsi yalnız bir cihaz və ya bir istifadə ssenarisi ilə məhdudlaşmır: “Ev təsərrüfatlarında internet modem vasitəsilə bir neçə cihaz arasında bölünür və nəticədə hər bir cihazın istifadə etdiyi real sürət azalır. Bu baxımdan, alt limitin aşağı olması ümumi istifadə keyfiyyətinə birbaşa təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq, beynəlxalq standartlara uyğun internetin minimal sürətinin müəyyən edilməsi artıq qaçılmazdır”.
Onun qənaətinə görə, növbəti ildən etibarən bu yanaşma Azərbaycanda da aktuallaşa bilər və 2026-cı ildə internetin alt limitinin 150 Mbit/s səviyyəsində tənzimlənməsi gündəmə gələ bilər. Ekspert hesab edir ki, bu göstəricidən aşağı sürətlər artıq vətəndaş üçün keyfiyyətsiz internet istifadəsinə səbəb ola bilər.
Elvin Abbasov vurğulayıb ki, vətəndaş üçün əsas meyar texniki detallardan daha çox büdcə məsələsidir: “Daha keyfiyyətli internetin qiymət artımına səbəb ola biləcəyi ehtimalı mövcud olsa da, arzuolunan variant qiymət dəyişmədən keyfiyyətin yüksəldilməsidir. Bununla belə, provayderlər kommersiya qurumlarıdır və daha yüksək keyfiyyətli xidmətin müəyyən qədər baha olması iqtisadi baxımdan qaçılmazdır. Amma ümumi yanaşma ondan ibarət ola bilər ki, həm internetin keyfiyyətində, həm də qiymətində cüzi dəyişikliklər 2026-cı il üçün aktual mövzulardan birinə çevrilsin”.