AZ

Sahib Paşazadə: Missiyamız muğam ənənələrini qorumaq və dünyaya tanıtmaqdır

Bakı, 9 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan musiqi mədəniyyətinin ən dərin qatlarını təşkil edən muğamlarımız əsrlər boyu zamanın sınağından keçərək bu günə qədər gəlib çatıb. Bu qədim irsin yaşadılması, qorunması və dünyaya tanıdılması isə artıq ayrıca bir missiyaya çevrilib. Məhz bu missiyanı üzərinə götürən Beynəlxalq Muğam Mərkəzi (BMM) təkcə konsert məkanı deyil, muğamın elmi, yaradıcılıq və mədəni platforması kimi fəaliyyət göstərir.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə muğam sənətinin müasir dövrdə inkişaf istiqamətləri və mərkəzin həyata keçirdiyi layihələr barədə danışıb.

Direktor bildirib ki, muğam sənətimiz bu gün dünyanın müxtəlif ölkələrində tanınır və böyük rəğbətlə qarşılanır. Bu ali musiqi irsinin beynəlxalq miqyasda təbliği və sevilməsi, şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam sənətinə göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsidir. Məhz bu dövlət dəstəyi sayəsində muğam ənənələri qorunur, inkişaf etdirilir və gələcək nəsillərə layiqincə ötürülür.

O vurğulayıb ki, 2025-ci il Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti baxımından olduqca məhsuldar olub. İl ərzində Azərbaycan musiqisi, mədəniyyəti və incəsənətində silinməz iz qoymuş, öz məktəbini yaratmış bir çox görkəmli sənət xadimlərinin yubileyləri qeyd edilib, eyni zamanda muğam sənətinə həsr olunan çoxsaylı layihələr uğurla həyata keçirilib. Xüsusilə “Azərbaycan muğamı” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində muğam axşamları, dəstgahları, təqdimatları və söhbətləri təşkil olunub. Bu tədbirlərdə muğamın tarixi, bu günü və gələcəyi, eləcə də nəsildən-nəslə ötürülməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Sahib Paşazadənin sözlərinə görə, il ərzində kifayət qədər az ifa olunan muğamların təqdimatına da xüsusi diqqət yetirilib. “Bayatı-Qacar”, “Dügah”, “Nəva”, “Rəhab” və digər muğamlar xanəndə, vokal-instrumental və instrumental formatda dinləyicilərə təqdim olunub. Eyni zamanda bir sıra yubiley tədbirləri həyata keçirilib. Muğam ifaçıları ilə yanaşı, müxtəlif musiqi janrlarının nümayəndələri, pianoçular, eləcə də şair və nasirlər öz yaradıcılıq gecələri, kitab və film təqdimatları üçün məhz Beynəlxalq Muğam Mərkəzini seçirlər. Bu isə mərkəzin təkcə muğam deyil, ümumilikdə milli mədəniyyətin önəmli platformasına çevrildiyini göstərir. Bu uğurların əldə olunmasında Beynəlxalq Muğam Mərkəzinin kollektivi və əməkdaşlarının əməyi böyükdür. Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan Respublikası ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb.

O qeyd edib ki, hazırda Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

“2026-cı il üçün də planlarımız kifayət qədər genişdir. Növbəti aylarda Xalq şairi Səməd Vurğunun 120, Xalq artisti Əlibaba Məmmədov və Əməkdar artist, görkəmli tarzən Sərvər İbrahimova həsr olunmuş tədbirlər keçiriləcək. Bununla yanaşı, yenidən silsilə şəklində aşıq sənətinə həsr olunmuş konsertlərin təşkili də nəzərdə tutulub. Bu proqramlar çərçivəsində dastanlar, qədim saz və aşıq havaları təqdim olunacaq. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin nəzdində Cahangir Cahangirov adına Xor Kollektivinin yaranmasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı bu il üçün artıq silsilə tədbirlər planlaşdırılıb. Bu çərçivədə hər ay ən azı bir, bəzən isə bir neçə konseptual proqramın həm xorun, həm də orkestrin ifasında təqdim edilməsi nəzərdə tutulur. Yubiley tədbirləri təkcə paytaxtla məhdudlaşmayacaq, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində də keçiriləcək. Xüsusilə gənc ifaçılara böyük önəm veririk. Gənc muğam ifaçılarının, tar, kamança, digər instrumental alətlər üzrə ifaçıların, eləcə də klassik alətlərdə ifa edən gənclərin konsertləri mütəmadi şəkildə təşkil olunur. Çünki gənclər bizim gələcəyimizdir və onların inkişafı əsas prioritetlərimizdəndir” – deyə Sahib Paşazadə diqqətə çatdırıb.

“Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsi yaxın aylarda turistlər üçün açıq elan ediləcək. Muzey bölməsində yerləşdirilən görkəmli muğam ustadlarının büstləri haqqında məlumatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində ziyarətçilərə təqdim olunacaq. Eyni zamanda, burada Azərbaycan musiqi irsini əks etdirən qədim musiqi alətləri nümayiş etdirilir ki, onların tarixi, xüsusiyyətləri barədə ətraflı məlumatlar ziyarətçilər üçün əlçatan olacaq. Əslində neçə illərdir bu guşə BMM-də yaradılıb. Sadəcə daha əlçatan və turistlərə açıq olması üçün yaxın zamanlarda muzey kimi fəaliyyətə başlayacaq. Gələcəkdə də bu istiqamətdə layihələrə davam edərək muğam sənətinin zəngin ənənələrini qorumağı, onu müasir təqdimat formaları ilə gənc nəsilə daha yaxın etməyi, gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına dəstək göstərməyi əsas məqsədlərimizdən biri hesab edirik. Bu layihələr vasitəsilə muğamın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılması və sevilməsi üçün ardıcıl addımlar atılacaq”, - deyə S.Paşazadə deyib.

 

Seçilən
82
1
azertag.az

2Mənbələr