Bakı, 9 yanvar, AZƏRTAC
Müasir qlobal çağırışlar fonunda Azərbaycan dövlətinin milli kimliyini, ideoloji dayanıqlığını və strateji inkişafını qoruması düşünülmüş və ardıcıl siyasət tələb edir. Bu siyasətin əsas sütunlarını isə ana dilinin qorunması, elm və təhsilin inkişafı təşkil edir. Məhz bu sahələrdə aparılan məqsədyönlü islahatlar Azərbaycanın təkcə bu gününü deyil, gələcək onilliklərdəki mövqeyini də müəyyənləşdirir. Azərbaycan ədəbi dilinin saflığının qorunması milli dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsidir. Dil xalqın tarixi yaddaşı, mədəni kodu və mənəvi dayaq nöqtəsidir. Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində Azərbaycan dilinə daim xüsusi önəm verərək onu bayraq, gerb və himn qədər müqəddəs dəyər kimi qiymətləndirib. Bu yanaşma təsadüfi deyil. Çünki dil zəiflədikdə milli şüur sarsılır, milli şüur zəiflədikdə isə dövlətçilik təhdid altına düşür. Buna görə də ana dilinin qorunması təkcə filoloji və ya mədəni məsələ yox, birbaşa milli təhlükəsizlik məsələsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, qloballaşma, sosial şəbəkələr və sürətlə inkişaf edən rəqəmsal mühit Azərbaycan dilinə həm yeni imkanlar açır, həm də müəyyən risklər yaradır. Xarici sözlərin həddindən artıq və nəzarətsiz şəkildə dilə daxil olması, dil normalarının pozulması, ədəbi dilin arxa plana keçməsi uzunmüddətli perspektivdə milli-mənəvi dəyərlərə zərbə vura bilər. Bu baxımdan dövlətin həyata keçirdiyi dil siyasəti, normativ sənədlər, media və təhsil üzərindən aparılan nəzarət və maarifləndirmə tədbirləri son dərəcə vacibdir. Prezident İlham Əliyevin bu sahədə prinsipial mövqeyi Azərbaycan dilinin ictimai-siyasi həyatda aparıcı mövqeyini daha da möhkəmləndirib.
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dil siyasəti də xüsusi diqqətəlayiqdir. Diasporun milli kimliyinin qorunması birbaşa ana dilinin yaşadılması ilə bağlıdır. Prezidentin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətində Azərbaycan dilinin öyrədilməsi, onlayn məktəblərin və distant tədris platformalarının yaradılması milli birliyin coğrafi sərhədlərdən kənarda da möhkəmlənməsinə xidmət edir. Bu, gələcək nəsillərin öz köklərini unutmaması və Azərbaycanla mənəvi bağlarını qoruyub saxlaması baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlar Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən biridir. Müasir dünyada artıq aydındır ki, təbii sərvətlər keçici üstünlükdür, davamlı güc isə bilik, innovasiya və intellektual potensial üzərində qurulur. Bu reallığı vaxtında dəyərləndirən Prezident İlham Əliyev elm və təhsili dövlət siyasətinin prioritet sahələrinə çevirib. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, struktur və kadr islahatları, xarici universitetlərlə əməkdaşlıqlar Azərbaycanın təhsil sistemini qlobal rəqabət mühitinə uyğunlaşdırır. Elmin inkişafı yalnız akademik mühitlə məhdudlaşmır, eyni zamanda, iqtisadiyyatın, sənayenin və idarəetmənin modernləşməsinə xidmət edir. Gənc alimlərin dəstəklənməsi, elmi tədqiqatlara ayrılan vəsaitlərin artırılması, innovativ düşüncənin təşviqi Azərbaycanın gələcək inkişafının intellektual təməlini formalaşdırır. Bu siyasət göstərir ki, dövlət qısamüddətli nəticələrə deyil, uzunmüddətli və dayanıqlı inkişafa hesablanmış strategiya yürüdür”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
O diqqətə çatdırıb ki, gənclərlə bağlı həyata keçirilən dövlət proqramları bu strategiyanın mühüm tərkib hissəsidir. “Yüksəliş” proqramı kimi təşəbbüslər bilikli, bacarıqlı və vətənpərvər gənclərin üzə çıxarılmasına, onların idarəetməyə cəlb olunmasına real imkan yaradır. Prezident İlham Əliyevin kadr siyasətində peşəkarlıq və bilik amilinin ön plana çəkilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu yanaşma həm gənclərin ölkəyə inamını artırır, həm də beyin axınının qarşısının alınmasına xidmət edir. Nəticə etibarilə, Azərbaycan dilinin qorunması ilə elm və təhsilin inkişafı bir-birini tamamlayan, vahid dövlət strategiyasının əsas elementləridir. Prezident İlham Əliyevin bu sahələrdə apardığı ardıcıl, prinsipial və uzaqgörən siyasət güclü dövlət, sağlam cəmiyyət və milli ruhlu möhkəm gələcək formalaşdırmağa yönəlib. Bu istiqamətdə atılan addımlar Azərbaycanın yalnız bu gününü deyil, sabahını da təmin edən möhkəm ideoloji və intellektual təməl yaradır.