Ajans.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib. Buraya aiddir: - daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; - torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi; - daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına - (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması; - eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər. Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.