Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir.
Aznews.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib.
Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.
Dini konfessiya rəhbərləri dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarığını ifadə edib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğunu bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.