İranın Ali Lideri Ayətullah Əli Xamenei İranda baş verən etirazlarda xarici qüvvələrin iştirak etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, yanvarın 9-da dövlət televiziyasında yayımlanan çıxışı zamanı Xamenei deyib ki, İran İslam Respublikası etirazlar qarşısında geri addım atmayacaq və xarici qüvvələrə xidmət edən hərəkətlərə dözməyəcək.
“İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası əcnəbilərə xidmət etməyə dözə bilməz”, – deyə o vurğulayıb.
Ali Lider əlavə edib ki, xarici güclərlə əməkdaşlıq edən şəxslər həm İran xalqı, həm də İslam sistemi tərəfindən qəbul olunmayacaq.
Xamenei, həmçinin ABŞ Prezidenti Donald Trampın İran xalqını dəstəklədiyinə dair açıqlamalarına şübhə ilə yanaşıb. O, Trampı ötən il İrana qarşı həyata keçirilən hücumlar zamanı təxminən min iranlının həlak olmasında məsuliyyət daşımaqda ittiham edib.