AZ

AFFA nın bonus bölgüsü: Qarabağ 6 dəfə çox xərcləyib

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin təxminən bir il əvvəl, konkret, 2025-ci ilin 3 fevralında baş tutan iclasında 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq etməsi barədə qərar çıxardı. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin, mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq. 

Fanat.Az qaydalara uyğun hesablama apararaq hansı klubun daha çox bonus əldə edəcəyini müəyyənləşdirib. 

Bunun üçün ilk növbədə legionerlərə görə toplanan rüsuma diqqət yetirək. Sözsüz ki, istər rüsum, istərsə də bonuslarla bağlı məbləğ mövsümün ilk yarısına əsasən hesablanıb. Qış fasiləsindən sonra bu rəqəmlər dəyişəcək. İstənilən halda, hazırkı mənzərəylə tanışlıq maraqlı olar.

Klublar 2 milyon 340 min manat rüsum ödəyiblər

İlk növbədə xatırladaq ki, Premyer Liqada bu mövsümdən legioner limiti ilə bağlı yeni qaydalar tətbiq olunub. Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəyirlər. Məhz ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Göründüyü kimi, say artdıqca, məbləğ də yüksəlir və mövsümün gedişində transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.

Premyer Liqa klublarının qış fasiləsinə qədər heyətinə qatdığı əcnəbi oyunçu sayı və onlara görə ödədiyi rüsumlar:

Qarabağ – 16 (585000 AZN)

Neftçi – 15 (385000 AZN)

Zirə – 15 (385000 AZN)

Sabah – 14 (285000 AZN)

Turan Tovuz – 13 (185000 AZN)

Araz-Naxçıvan – 12 (85000 AZN)

Karvan-Yevlax – 12 (85000 AZN)

Kəpəz – 12 (85000 AZN)

Sumqayıt – 11 (75000 AZN)

Şamaxı – 10 (65000 AZN)

İmişli – 10 (65000 AZN)

Qəbələ – 9 (55000 AZN)

Beləliklə, klublar mövsümün ilk yarısı ərzində legionerlərə görə 2 milyon 340 min manat rüsum ödəyiblər. "Legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi"ndəki rəqəmə aydınlıq gəlmədiyi üçün indiki halda "minimum 1 milyon" vəsaitə əsasən pay bölgüsünü hesablamalı olduq. İstənilən halda, minimum məbləğin ikiqatı toplandığı üçün AFFA bonus ayırmaqda çətinlik çəkməyəcək. Qış fasiləsinə qədər rüsumlardan toplanan vəsaitin təxminən 43 faizini bonuslara ayıracaq. 

Çempion rüsuma bonusdan 6 dəfə çox xərcləyib

Premyer Liqanın 1-16-cı turları ərzində klublar ümumilikdə 123 yerli futbolçunun xidmətindən yararlanıblar. Onların meydanda olduğu ümumi dəqiqələrin cəmi 57910-a bərabərdir. 

Çempionlar Liqasında uğurlu çıxış edən "Qarabağ"ın əsas qüvvəsi legionerlərdir. Təsadüfi deyil ki, Ağdam təmsilçisi rüsumlarla bağlı yeni qaydaya görə çox xərcinin çıxmasına baxmır. 16 legioneri (Fabian Buntiç, Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Dani Bolt, Sami Mmae, Leandro Andrade, Marko Yankoviç, Abdullah Zubir, Aleksey Kaşuk, Kadi Borges, Pedro Bikalyo, Kris Kuaku, Joni Montiel, Kamilo Duran, Emmanuel Addai) olan “Qarabağ” AFFA-ya 585 min manat rüsum ödəməlidir. 

Əslində "köhlən atlar"da yerlilərin də sayı kifayət qədərdir. Qurban Qurbanov mövsümün birinci hissəsi ərzində 10 yerli statuslu futbolçunun xidmətindən yararlanıb - Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Hikmət Cəbrayılzadə, Nəriman Axundzadə, Toral Bayramov. 

Bu futbolçulardan yalnız son 3-ü klubun öz yetirməsi olduğu üçün onlara görə "Qarabağ"a 2 əmsalla bonus ödəniləcək. Digərlərinin isə meydanda olduğu dəqiqələri 1 əmsala bərabərdir. "Qarabağ"ın 10 yerli oyunçusu 16 tur ərzində 4941 dəqiqə meydanda olub. Əmsalları nəzərə aldıqda bu rəqəm 6752-yə bərabərdir. Beləliklə, "Şamaxı"nın "bonus fondu"ndakı (1 milyon) payı 9,43 faizə çatır. Bu da 94300 manat gəlir deməkdir. Beləliklə, "Qarabağ" yerli futbolçulara güvənməsi üçün klubları təşviq edən AFFA-nın bonus düsturuna görə sıralamada 5-ci yerdədir. Amma təbii ki, legionerlərin sifarişinə xərclənən rüsumun yerlilərə görə əldə olunacaq bonusdan təxminən 6 dəfə çox olması vurğulanmalıdır. 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
10
fanat.az

10Mənbələr