TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzi imtiyazlı xəstələr üçün yeni aptek yaradıb.
Aznews.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Belə ki, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.
Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
Ümumilikdə, aptek 3 142 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan 2 692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələrini əhatə edir.