AZ

“AFFA öz tabeliyindəki stadionlarda ot örtüyünün saxlanılması və ona çəkilən bütün xərclərin öhdəliyini daşıyır”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İranlı müdafiəçi Səid İranxan komanda daxilindəki vəziyyət və Azərbaycan futbolundakı problemlər haqqında danışıb. O bildirib ki, klubda olan problemləri heç İranda ikinci, üçüncü liqada görmək olmur: “Orada Qəbələ Şəhər Stadionunu gördüm, möhtəşəm idi, “Neftçi”nin stadionu əla idi. İnsaf deyil ki, onlarla bağlı pis nəsə deyəsən. Süni meydançaları yığışdırmaq lazımdır. İranda 5 ildir ki, qadağan edilib. Süleyman Əhmədov mənim gözümün önündə elə zədələndi ki, 3 gün yemək yeyə bilmədim. Şamaxıdakı stadion yaxşıdır, Yevlaxdakı isə çox pisdir. Süni qazonların zamanı gedib. Azərbaycana Vensan Abubakar kimi oyunçu gəlib. Onu gətirirsizsə, süni meydançalara da yığışmalıdır. Mən “Traktor”da çıxış edəndə Abubakar “Əl-Nəsr”də oynayırdı. Onlarla qarşılaşmışdıq və mən ona qarşı çıxış etmişdim. Həmin vaxt kapitan idi. Onda çox super oynayırdı. İndi gəlib Yevlaxda süni meydançaya çıxır. Bu, düzgün iş deyil. Süni meydançalar böyük problemlər yaradır. AFFA-ya bununla bağlı məktub göndərmək istəyirdim. Əgər o süni ot örtükləri yığışsa, Premyer Liqanın səviyyəsi qalxar”.Azərbaycanda hansı statdionlarda süni ot örtüyü hələ də istifadə edilir? Stadionun ot örtüyünün xərcini klub, yoxsa AFFA qarşılayır? Bu istiqamətdə ayrılan büdcə varmı, ayrılıbsa, hara xərclənib?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına AFFA-nın İnfrastruktur departamentinin rəisi Fuad Cəfərov bildirib ki, digər stadionlarla bağlı geniş araşdırma aparmaq tələb olunur: “Azərbaycanda AFFA-nın balansında olan stadionlarla yanaşı, müxtəlif klubların və qurumların balansında olan stadionlar da mövcuddur. AFFA-nın tabeliyində olan stadionlara Binə stadionu, Bayıl Arena, Milli Komandaların Təlim-Məşq Mərkəzi və Ağsu stadionu daxildir.

Ümumiyyətlə, ölkədə çoxlu sayda stadion var və onların bəziləri sahibkarların, şirkətlərin, idman klublarının, nazirliklərin, hətta həmkarlar ittifaqlarının balansındadır. AFFA-nın nəzdində olan stadionlarda ot örtüyünün saxlanılması və ona çəkilən bütün xərclər birbaşa AFFA-nın öhdəliyindədir,” - deyə AFFA rəsmisi Fuad Cəfərov bildirib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
bizimyol.info

1Mənbələr