AZ

“Xızı-Abşeron” KES Azərbaycanın yaşıl enerji sahəsində investisiya mövqeyini gücləndirir – ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Abşeron-Xızı iqtisadi zonasında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) ölkədə enerji təhlükəsizliyinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, bu stansiya həm də ölkənin enerji balansına birbaşa təsir edəcək.

“Bilirsiniz ki, Abşeron-Xızı zonası ən yüksək külək olan ərazidir və buradan illik 38-42 faiz enerji əldə etmək imkanı var. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bu da ölkədə enerji istehlakının 3,5 faizidir. Əlbəttə ki, bu elektrik stansiyasının istismara verilməsi daha çox qaz istehlakının azalmasına səbəb olacaq və həmin qaz ixraca yönəldilə bilər ki, bu da dolayı yolla qaz ixracından gəlirlərin artmasına səbəb ola bilər”, - deyə o qeyd edib.

E.Kərimli vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib: “Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilib. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmində qiymətləndirilir. Bu zonalarda da ortamüddətli perspektivlə yaşıl enerji ixracatı artırılacaq”.

O əlavə edib ki, “Xızı-Abşeron” KES 2030-cu ilin hədəflərini təmin edəcək və ətraf mühitin qorunmasına müsbət təsir göstərəcək.

“Həmçinin bu stansiya ölkədə iri bərpaolunan enerji investisiyalarından biridir. Bu layihə Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji sahəsində etibarlı investisiya platforması kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu cür layihələrin reallaşdırılması gələcəkdə bərpaolunan enerji sahəsinə yeni xarici və yerli investisiyaların cəlb olunması üçün əlverişli investisiya mühitinin formalaşmasına zəmin yaradır”,- deyə E.Kərimli bildirib.

Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.

 

Seçilən
109
azertag.az

1Mənbələr