AZ

Xatirələrin sonu yoxdur



İnsanın həyatında elə anlar var ki, onları yaşayarkən dəyərini dərk etmir. Bəzi anlar isə yalnız keçmişə çevrildikdən sonra mənasını açır. Çünki insan çox vaxt bu günü deyil, sabahı gözləyir; sevincini təxirə salır, sözünü susqunluğa tapşırır, həyatını isə “sonra”ya ertələyir. Halbuki həyat xəbərdarlıq etməz. O, sadəcə axar. Və axıb keçdikdən sonra insana yalnız bir miras buraxar — xatirə.

Bu dünyada hər şeyin sonu var: ağrının, qorxunun, sınaqların, bəzən ümidin, bəzən də inamın. Lakin bir anlayış var ki, zamana tabe deyil.

Xatirələrin sonu yoxdur. Xatirə insanın mənəvi davamıdır. O, insanın söylədiyi sözlərin, etdiyi əməllərin, demədiyi etirafların və yarımçıq qalan hisslərin zamansız yaddaşıdır.

İnsan cismani olaraq fanidir, amma xatirələrdə mənəvi olaraq yaşayır. Məhz buna görə xoşbəxtlik təsadüf deyil.
O, nə taleyin hədiyyəsidir, nə də şansın nəticəsi.

Xoşbəxtlik bir mövqedir. Həyata baxışdır. Bir fəlsəfədir. Xoşbəxt olmaq — sahib olduqlarını itirmədən əvvəl görməkdir,
yanında olan insanın dəyərini ayrılıqdan əvvəl anlamaqdır, bu günü gələcək üçün qurban verməməkdir.

Mən arzu edirəm ki, bu planetdə yaşayan hər bir insan öz xoşbəxtliyini tapsın. Onu axtarmasın — dərk etsin. Gecikmədən. Şərt qoymadan. Çünki həyatın sonunda insandan soruşulmur nə qazandın, kim oldun, nə qədər yüksəldin. Soruşulan yalnız budur: yaşaya bildinmi?

David Seliverstov
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin təhbəri
Seçilən
44
1
newscenter.az

2Mənbələr