Nazirliyin X sosial şəbəkəsindəki rəsmi paylaşımında bildirilib ki, təlimlər CAR-ın ərazi sularında Çin Xalq Respublikasının rəhbərliyi altında keçirilir və 16 yanvaradək davam edəcək. Hələlik təlimlərdə iştirak edən ölkələrin tam siyahısı və cəlb olunan hərbi gəmilərin sayı açıqlanmayıb. Yalnız Çin və CAR-ın adı rəsmi şəkildə qeyd olunub.
CAR KİV-lərinin məlumatına görə, "Sülhə iradə - 2026" təlimlərində Rusiya və İranın hərbi gəmiləri də iştirak edir. İndoneziya və Efiopiya isə təlimlərdə müşahidəçi statusundadır.
Təlim iştirakçılarının toplaşma məntəqəsi CAR Hərbi-Dəniz Qüvvələrinin Cənubi Atlantik okeanı sahilində, Ümid burnuna yaxın və Keyptaun şəhərindən 40 kilometr cənubda yerləşən ən böyük bazası - Saymonstaun limanıdır. Hazırda bazada Çin Xalq Azadlıq Ordusunun Hərbi-Dəniz Qüvvələrinə məxsus "Tangshan" esminesi və "Taihu" təchizat gəmisi yerləşir.
Təlimlərin ilk mərhələsi qərargahlar səviyyəsində keçiriləcək, daha sonra isə hərbi gəmilərin açıq okeana birgə çıxışı nəzərdə tutulur. Nazirlik bildirib ki, manevrlərin mövzusu dənizdə naviqasiya təhlükəsizliyinin və dəniz iqtisadi fəaliyyətinin təmin edilməsi üçün birgə fəaliyyətlərdir. Təlimlər çərçivəsində dəniz təhlükəsizliyi əməliyyatları, əməliyyat uyğunluğu və dənizin mühafizəsi üzrə tədbirlər məşq ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31