Elmi iş – dissertasiya yazmaq üçün açıq şəkildə sifarişlə xidmət göstərən səhifələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, dissertasiya bir şəxsin elmi tədqiqat aparmaq, araşdırma metodlarından istifadə etmək və elmi nəticə ortaya qoymaq bacarığını rəsmi şəkildə göstərən elmi iş sayılır.
Lakin buna baxmayaraq elmi dərəcə almaq istəyən şəxslər müəyyən ödəniş qarşılığında bu yollara baş vurur.
Məlum məsələdir ki, hər bir xidmət müəyyən tələbatın nəticəsində yaranır. Özünə elmi dərəcə alan bəzi insanlar bu cür akademik saxtakarlığa yol verməkdən çəkinmirlər.
Sözügedən səhifəyə daxil olduqda elmi işlərin tərtib edilməsində xüsusi dəstək göstərildiyi bildirilir.
Səhifəyə göz atdıqda məlum olur ki, bu ödənişli xidmət konsultasiya və dissertasiyaya hazırlıq kimi təqdim edilir. Lakin qeyd edilən nömrə ilə əlaqə saxladıqda tədris aparılmadığını bildirdilər.
Maraqlıdır ki, səhifədə müştəri razılığı adı altında paylaşılan yazışmaların ekran görüntüsündə guya konsultasiya alan şəxslərin digər dissertasiya müdafiə edən şəxsləri üstələyərək yüksək bal topladığı öz əksini tapıb.
Səhifədə təklif olunan xidmətlər siyahısında “Dissertasiya yazılımı və düzəlişi”, “2 məqalə yazılması və 1 məqalənin çapı”, “Müdafiə üçün konspekt və prezentasiya” və s. qeyd edilib.
Bu ifadələr konsultasiya və ya redaktə yox, birbaşa akademik işlərin hazır yazılması anlamına gəlir.
Qiymətlərin dərəcədən asılı olaraq dəyişdiyini bildirən şəxslər birbaşa rəqəm açıqlamaqdan da çəkindilər.
Elmi titulun alış-veriş predmeti olması təbii olaraq dissertasiyasını özü hazırlayan, elmi məqalə yazan şəxslər tərəfindən birmənalı qarşılanmayıb.
Yaranmış vəziyyəti digərlərinə haqsızlıq hesab edən şəxslər bu cür xidmətlərə hüquqi qiymət verilməsini tələb ediblər.


