Yanvarın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq cari ildə ilk səyyar görüş-qəbulunu Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar görüş-qəbulda icra başçısı ilə birlikdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri iştirak ediblər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov yeni ilin ilk səyyar görüş-qəbulunun Sütəmurdov kəndində keçirildiyini bildirib, yerli sakinlərin simasında bütün lənkəranlıların Yeni İlini təbrik edib. İcra başçısı 2025-ci ildə ölkəmizin həyatında bir sıra uğurları ilə yadda qalan önəmli hadisələr barədə danışıb. Taleh Qaraşov ötən ildə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Lənkəranda da bir sıra sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.
Daha sonra icra başçısı ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan, ədalətli qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb və vətəndaşlar bununla bağlı qanunamüvafiq qaydada məlumatlandırılıblar.
İcra başçısı yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasının insanların ümumi və şəxsi problemlərinin dinlənilməsinə, onların həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasına xidmət etdiyini qeyd edib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş müraciətlərinə həssaslıqla yanaşdıqlarını bildirib, insanlarla birbaşa dialoqun qurulmasının, qarşılıqlı etimadın daha da gücləndirilməsinin və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsinin bütün məmurlar qarşında prioritet vəzifə olaraq qoyulduğunu vurğulayıb.
Sütəmurdov kəndinin sakinləri fikir və istəklərini könüllü, sərbəst və maneəsiz şəkildə icra başçısına çatdırıblar, qaldırdıqları məsələlərin həllindən ötrü nəticəyə yönəlik yerində verilən tapşırıq və tövsiyələrdən məmnun qalıblar.
Yerli sakinlər dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına, müraciətlərinə obyektiv və operativ baxılmasına, habelə sosial infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.