Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir. Son illərdə Azərbaycanda yaşıl enerji istehsalına 1 milyard ABŞ dollardan çox investisiya yönəldilib. Bu vəsait yalnız Azərbaycanda deyil, həm də regionda yaşıl enerji effektivliyinin artırılmasına və enerjidən səmərəli istifadəyə töhfə verir. Həm müqayisələr, həm də rəqəmlər göstərir ki, Azərbaycan yaşıl enerji və enerji effektivliyinin gücləndirilməsində regionda lider ölkələrdəndir.
İllik 13 milyard kubmetr daxili qaz istehlakı olan Azərbaycanda alternativ enerjidən istifadə iqtisadi baxımdan da əhəmiyyətlidir. Yeni yaşıl enerji istehsalı güclərinin istifadəyə verməklə Azərbaycan 2030-cu ildə elektrik enerjisinin istehsalına yönəldilən 1,2 milyard kubmetr təbii qaza qənaət edə biləcək. Qaz istehlakının 5 milyard kubmetrə yaxının əhalinin payına düşdüyünü nəzər alsaq, istilik sistemində yaşıl enerjidən istifadə daha az təbii qaz sərfiyyatı demək olacaq. Bu isə, bir tərəfdən ümumi istehlakda yaşıl enerjinin payının yüksəlməsinə, digər tərəfdən isə qaz ixracını artırmaqla ölkəyə daha çox valyutanın daxil olmasına gətirib çıxaracaq. Bu həm ekoloji baxımdan, həm də qaz istehlakının optimallaşdırılması baxımdan əhəmiyyətlidir.
Göründüyü kimi, alternativ enerjidən istifadə həm ekoloji, həm yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, iqtisadi potensialın genişləndirilməsi aspektindən də əhəmiyyətlidir".