AZ

Prezident İlham Əliyevin dil siyasəti: Müasir çağırışlar və prioritetlər - ŞƏRH

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın iqtisadi, siyasi, mədəni, texnoloji, təhsil, elm sahələrinə dair mühüm mövzulara toxundu. Xüsusən də Azərbaycan dili ilə bağlı fikirlər, gündəmə gətirilən məsələlər həqiqətən də qloballaşan dünyada dil məsələsinin nə qədər əhəmiyyətli və vacib bir amil olduğunu göstərir. Dövlətimizin başçısının dediyi kimi, dil yalnız ünsiyyət vasitəsi deyil, bir xalqın, bir dövlətin, bir millətin öz kimliyini, keçmişini və keçmişdən gələn bütün adət-ənənələrini günümüzə daşıyan əsas faktordur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi dil atributlar içərisində ən vacib və önəmlilərindən biridir: "Təsadüfi deyil ki, müxtəlif dövrlərdə dünya gücləri hər hansı bir dövləti və ölkəni işğal edən zaman ilk olaraq onun dilini və mədəniyyətini məhv etməyə çalışıblar. Bu hadisələr Azərbaycan xalqının da başına gəlməsinə baxmayaraq, millətimiz bunun öhdəsindən layiqincə gəlib və Azərbaycan dilini, mədəniyyətini adət-ənənəsini günümüzə qədər gətirib çıxarıb. Bu günün vacib məsələlərindən biri isə yalnız Azərbaycanda yox, bütün dünyada qloballaşmanın təsirlərinin, xüsusən də dil amilinə yansımasıdır".

Azərbaycan dilinin saflığının və təmizliyinin qorunmasının vacibliyinə diqqət çəkən Nicat Yaqubov deyib: "Bu gün biz də bir dilçi alim olaraq bildiririk ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və gələcək nəsillərə saf şəkildə çatdırılması üçün irəli sürülən konsepsiya özündə müasir çağırışlara tam cavab verən mühüm prioritetləri cəmləşdirir və bu sahədə biz də üzərimizə düşəni edəcəyik. Prezidentimiz müsahibəsində həm elm, həm də təhsil məsələlərinə də toxundu. Bu baxımdan bir məsələni qeyd etmək istəyirəm ki, İlham Əliyev prezidentliyinin ilk illərindən dilimizin qorunub yaşadılması prosesinə təhsil aspektindən xüsusi yanaşıb. Universitetlərdə Azərbaycan dilinin öyrədilməsi vacib amil olaraq tədris proqramlarına salınıb və bütün ixtisaslarda oxuyan tələbələrimiz məhz tətbiq olunan bu proqramdan istifadə etməklə praqmatik dil siyasətinin bir parçasına çevriliblər".

"Dövlət qulluğu imtahanlarında ixtisas və peşələrlə yanaşı, dil məsələlərinin ayrıca imtahan olunması da məmurların Azərbaycan dilində yüksək şəkildə özünü ifadəetmə bacarıqlarının formalaşması üçün çox mütərəqqi addımdır. Bütün bu və digər məsələləri ümumiləşdirsək, deyə bilərik ki, dövlət başçısının dil siyasətinin həm keçmiş, həm bu günümüz, həm də gələcəklə bağlı formalaşdırdığı və aydın şəkildə ortaya qoyduğu konsepsiya Azərbaycan dilinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün çox vacib nəticəyönümlü istiqamətlər müəyyənləşdirir", - deyə NDU-nun prorektoru əlavə edib.

 

Seçilən
87
azertag.az

1Mənbələr