Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ilə Suriyanın Kiçik və Orta Biznesin İnkişafı Qurumunun baş direktoru İhab Zukur və Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.
Agentliyin məlumatına görə, onlayn formatda keçirilən görüşdə KOBİA-nın KOB evləri modeli, KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər, “Startap” şəhadətnaməsi və KOB klasterlər barədə məlumat verilib. Bildirilib ki, Agentliyin təqdim etdiyi dəstək mexanizmləri arasında qrant müsabiqələri, bazar araşdırmalarının aparılması ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına və bazarda mövqelərinin güclənməsinə xidmət edir.
Görüşdə Suriyanın Kiçik və Orta Biznesin İnkişafı Qurumunun KOBİA-nın təcrübəsindən faydalanmaq və tətbiq etmək, eləcə də Azərbaycanın və Suriyanın kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, KOB-lar üçün xidmətlərin göstərilməsi sahəsində fəaliyyətin təşkili və tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsi aparılmasına dair müzakirələr aparılıb.