“Sülh Körpüsü”: vətəndaş cəmiyyətinin sülh prosesində rolu müzakirə olunacaq
13 yanvar 2026-cı il tarixində “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirə təşkil olunacaq. Tədbir saat 10:00-13:00 aralığında Milli QHT Forumunun Akt Zalında (World Business Center, S. Vurgun 83, 2-ci mərtəbə) keçiriləcək. Tədbirin məqsədi “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələrini Azərbaycan ictimaiyyəti ilə bölüşmək, mövcud vəziyyəti açıq müzakirə etmək və davamlı sülhün formalaşdırılması üçün praktik mexanizmlər və təkliflər irəli sürməkdir. İctimai müzakirə zamanı vətəndaş cəmiyyəti institutlarının sülh gündəliyinə daha sistemli cəlb edilməsi yolları, ictimai kommunikasiya və etimad quruculuğu mexanizmləri, eləcə də ekspert dairələri, QHT-lər və media arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda, gələcək sülh təşəbbüsləri üçün praktik tövsiyələrin toplanması nəzərdə tutulur. Müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ictimai xadimlər, sülh və münaqişələrin həlli üzrə ekspertlər, eləcə də media nümayəndələri iştirak edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslərin müraciətləri 12 yanvar 2026-cı il, saat 18:00-dək qəbul edilir. İştirak niyyətini təsdiqləmək üçün ad, soyad və təmsil olunan qurum göstərilməklə müraciətin aşağıdakı email ünvanına göndərilməsi xahiş olunur. Email: [email protected]