AZ

"ING" 2028-ci ilə qədər Azərbaycanda ÜDM üzrə proqnozlarını verib

Niderlandın bank qrupu "ING" Azərbaycan üzrə yaxın illər üçün ümumi daxili məhsulun (ÜDM) artımına dair proqnozunu açıqlayıb.

Day.Az xəbər verir ki, sənədə əsasən, 2026 və 2027-ci illərdə ölkə iqtisadiyyatının müvafiq olaraq 2,8 faiz və 2 faiz artacağı gözlənilir.

"ING"nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı 1,6 faiz təşkil edib.

Bank qrupunun qiymətləndirmələrinə əsasən, 2025-ci ilin dördüncü rübündə Azərbaycanın ÜDM artımı 2,5 faiz olub.

Bununla yanaşı, 2026-cı ildə ÜDM-in birinci rübdə 4 faiz, ikinci rübdə 2,5 faiz, üçüncü rübdə 3,5 faiz, dördüncü rübdə isə 1 faiz artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 116 320,1 milyon manat məbləğində ümumi daxili məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM-in 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,5 faizi tikintinin, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,9 faizi informasiya və kommunikasiya sektorunun, 21,1 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala düşən xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.

Adambaşına düşən ÜDM 11356,4 manat təşkil edib.

Seçilən
34
1
day.az

2Mənbələr