AZ

Azərbaycan investisiyalar üçün cəlbedicidir

 

 

Yanvarın 8-də Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında demişdir: “Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”.

Mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir.

Ötən  il Mingəçevirdə yeni elektrik stansiyasının açılışı keçirildi. bu bir daha əminlik yaratdı ki, ölkəmizdə ənənəvi generasiya gücləri və bərpaolunan generasiya güclərinin inkişafı paralel şəkildə aparılmalıdır.

Ölkə başçısı öz çıxışında qeyd edib ki, beynəlxalq qiymətləndirməyə görə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Bununla əlaqədar Prezident İlham Əliyev xarici investorları, o cümlədən  Azərbaycan şirkətlərini də həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə,  xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edib.

Bu gün Azərbaycanda gözəl investisiya iqlimi vardır. Artıq ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilən uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.

Ölkəmizin xarici borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsul təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatları xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi “Bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”.

Ölkə başçısı gələcək planları da açıqlayıb. Bildirib ki, gələcəkdə Azərbaycanın bərpaolunan enerji potensialı daha çox artacaq və əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq gücü 250 meqavat olan Batareya Enerji Saxlanc Sistemi də yaradılır.

Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

 

 

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 

Seçilən
89
3
veteninfo.az

10Mənbələr