Ordubad Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkbər Nuriyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Haqvediyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə araşdırması nəticəsində müəyyən edilib ki, Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Qərara əsasən, Əkbər Nuriyev barəsində Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq olunaraq tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi qərara alınıb. Təqsirləndirilən şəxs sağalanadək ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə cəlb ediləcək. Həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Qərar qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi nəzərdə tutulub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilib.
İttiham materiallarına görə, Əkbər Nuriyev əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə – yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan 21 iyul 2025-ci il tarixdə, saat 10:20 radələrində Naxçıvan MR Ordubad rayonunun A.Əylis kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində ictimai təhlükəli əməllər törədib.
Belə ki, təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-21021” markalı avtomobillə D.D.-yə (adı, soyadı şərtidir) məxsus durmuş vəziyyətdə olan “VAZ-2107” markalı maşını vuraraq ona maddi ziyan yetirib. Daha sonra həmin ərazidə, eyni avtomobillə Ordubad şəhər sakini olan zərərçəkmiş şəxsə məxsus motosikleti vurub. Nəticədə zərərçəkmiş şəxsə az ağır xəsarət yetirib.
Təqsirləndirilən şəxs bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq əməlləri törədib.
Məhkəmə iclasında dindirilmiş Əkbər Nuriyevin qanuni nümayəndəsi bildirib ki, təqsirləndirilən şəxs onun doğma qardaşıdır və hadisə zamanı psixi xəstəliyin təsiri altında olub. Həmçinin qeyd edilib ki, törədilmiş hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam şəkildə ödənilib.
Kamal Məmmədov