AZ

Tehranda SEPAH xalqı güllələməyə başladı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın paytaxtı Tehranda etirazların miqyası genişlənir və artıq bəzi ərazilərdə vəziyyətin hökumətin nəzarətindən çıxdığı iddia olunur.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Tehranın Kəc (Kadj) Saadat Abad meydanı ətrafında toplaşan insanların həyəcanlı anları əks olunur. Yerli sakinlərin bildirdiyinə görə, şəhərin bir sıra hissələrində təhlükəsizlik qüvvələri vəziyyətə tam nəzarət edə bilmir.

Musavat.com-un İran sosial media seqmentindən əldə etdiyi məlumatlara əsasən, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) etirazçı kütləyə qarşı silah tətbiq etməyə başlayıb. Bildirilir ki, açılan atəş nəticəsində yaralananlar, eləcə də ölənlər var. Bu məlumatlar rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməsə də, yayılan videolar və şahid ifadələri ölkədə gərginliyin kritik həddə çatdığını göstərir.

Məlumatda vurğulanır ki, hazırkı durum ABŞ prezidenti Trampın daha əvvəl səsləndirdiyi xəbərdarlıqları faktiki mərhələyə keçirir. Xatırladaq ki, Tramp administrasiyası açıq şəkildə bəyan etmişdi: əgər İran hakimiyyəti öz xalqına qarşı kütləvi şəkildə silah işlədərsə, ABŞ müdaxilə variantını gündəmdə saxlayacaq. Son bir il ərzində Trampın “fantastik” görünən bir sıra xəbərdarlıqlarını real siyasətə çevirməsi fonunda bu ssenarinin də həyata keçə biləcəyi istisna edilmir.

Müşahidəçilərin fikrincə, İran daxilində vəziyyətin sürətlə nəzarətdən çıxması ölkənin yaxın zamanda hərbi zərbələrə məruz qalması ehtimalını artırır. Xüsusilə vurğulanır ki, mümkün ssenaridə hədəflər sırasında təkcə hərbi obyektlər deyil, eyni zamanda İranın ali dini-siyasi rəhbərliyinə bağlı mərkəzlər də ola bilər. Bu isə ölkə daxilində xaosu daha da dərinləşdirə, İranı genişmiqyaslı siyasi və təhlükəsizlik böhranına sürükləyə bilər.

Hazırda Tehran və digər iri şəhərlərdə baş verənlər regionda yeni və son dərəcə təhlükəli mərhələnin başlandığını göstərir. Hadisələrin inkişafı həm İranın daxili gələcəyi, həm də Yaxın Şərqdə güc balansı baxımından həlledici ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
www.bakupost.az

2Mənbələr