Burkina Faso hökuməti 2026-cı il yanvarın 3-də dövlət çevrilişi cəhdinin qarşısının alındığını açıqlayıb. Bu barədə məlumatı təhlükəsizlik naziri Mahamadu Sana Milli Televiziya (RTB) ilə çıxışında verib.
Hafta.az xəbər verir ki, nazir yanvarın 3-də yerli vaxtla saat 23:00-da ölkənin təhlükəsizliyini pozmaq məqsədilə həyata keçirilməsi planlaşdırılan bir neçə hədəfli qətl əməliyyatı və hərbi müdaxilə cəhdinin qarşısının alındığını bildirib.
"Bu, hərbi və mülki hakimiyyətləri hədəf alan, xüsusilə də ölkə prezidenti İbrahim Traoreni hədəf alan planlaşdırılmış bir cəhd idi", - deyə Mahamadu Sana qeyd edib.
Məqsəd, prezident İbrahim Traoreni öldürmək və ya evini partlatmaqla onu qətlə yetirmək idi. Bundan sonra, ölkənin dron bazasının sıradan çıxarılması və xarici qüvvələrin hərbi müdaxiləsi nəzərdə tutulmuşdu.
Hökumət planın əsas təşkilatçısının keçmiş keçid dövrü prezidenti Pol-Anri Sandaoqo Damiba olduğunu açıqlayıb. O, əməliyyatın hazırlanması və maliyyə dəstəyinin toplanmasında əsas rol oynayıb, həmçinin mülki şəxsləri və hərbçiləri toplamaqla cəhdin icrasını təşkil edib.
Nazir əsas şəxslərdən alınan etiraf videolarının təqdim ediləcəyini açıqlayıb.