AZ

Paralel və lazımsız strukturlar büdcəyə artıq yükdür


Prezident İ.Əliyevin yerli televiziyalara 5 yanvarda verdiyi müsahibəsində yerli icra hakimiyyətləri haqqında səsləndirdiyi fikirlərdən və anonslardan sonra Milli Məclisin deputatları bir ağızdan bu qrumun köhnəldiyini və ləğv edilməli olduğunu açıqlamaqadırlar.Halbuki həmin müsahibəyədək heç bir deputat belə bir tənqidi və reformist fikirlər səsləndirməyiblər. Bu onu göstərir ki, parlament üzvləri təşəbbüskar və müstəqil fikirli deyillər. Onlar yönləndirilirlər, bir mərkəzdən idarə olunurlar. Maraqlısı da ondan ibarətdir ki, bir çoxları elə düşünürlər ki, yerli icra hakimiyyətləri ilə bağlı ciddi və fundamental islahatlar aparmaq çox asandır. Bu qurum illər ərzində onlara verilən qeyri-məhdud səlahiyyətlər və imtiyazlar səbəbindən möhkəmlənib, böyük bir məmur ordusuna çevriliblər. Üstəlik də şəbəkələşib, uzantılara daha yuxarılara və qüdrətli fiqurlara gedib çıxır. Məsələ həm də təkcə yerli icra hakimiyyətləri ilə məhdudlaşmır. Mərkəzi hakimiyyət orqanları həddindən artıq şişkindir. Paralel və lazımsız strukturlar büdcəyə artıq yükdür və məsuliyyətsizliklərə, bürokratik əngəllərlərə yol açır. Əgər köklü islahatlara gediləcəksə bu strukturları mobil və işlək strukturlarla əvəz etmək zərurəti ciddiləşəcəksə ilk növbədə seçkili qrumların səlahiyyətlərinə, onların normal fəaliyyətinə imkan yaradılmalıdır. Yerli özünüidarəetmə funksiyaları işlək hala gətirilməlidir. Əks təqdirdə kosmetik dəyişikliklər bir işə yaramayacaq və köklü problemləri həll etməyəcək. Bir qədər uzada biləcək. Hökümət iki hala görə yerli icra hakimiyyətləri institutlarının yaxın müddətdə ləğvinə təşəbbüsdən çəkinəcək. Birincisi, ciddi kapitala, iqtisadi və təsir imkanlarına malik bürokrat zümrəsi ilə konfiliktə girmək istəməz. Sürətlə dəyişən dünyada bu riskli addım olardı. İkincisi, hakimiyyət üçün seçkili institutların legitimliyi və möhkəmlənməsi arzuolunmaz görünür. Bu hal cəmiyyətə total nəzarəti və sərt vertikal idarəçiliyi məhdudlaşdıra bilər. Ancaq alternativlər və seçənəklər də çoxçeçidli deyil. Neft erası sona yaxınlaşır. Büdcəni doldurmaq çətinləşir, digər üsullar gec-tez ictimai narazılıqları körükləyəcək. Dövlət büdcəsinə oturan təşkilatları da saxlamaq çətinləşir, üstə gəl beynəlxalq münasibətlər sistemindəki sistematik və sürətli dəyişikliklər. Yeni reallıqlar və tələblər. Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir. Bunun üçün də ilk növbədə xalqın iradəsinə güvənməlidir, siyasi təşkilatların güclənməsində, şəkilləndirilməsində maraqlı olmalıdr ki, bu cür təlatümlü proseslərdə daxildə tam siyasi dəstək ala bilsin. Təcrübə göstərir ki, siyasi və hakim elitalar həmişə oynaq və qeyri-stabil olur. Hesab edirəm ki, prezident İ.Əliyevin hazırkı nüfuzunun pik və zirvədə olan dönəmində sərt və radikal islahatlara gedərək daxildə daha uğurlu nəticələrə nail olmaq mümkündür. Cənab prezidentin 5 yanvarda verdiyi müsahibəsində bu qətiyyət və inam aydın görünürdü.

Əli Orucov
Seçilən
58
1
newscenter.az

2Mənbələr