Bakı, 8 yanvar, Fidan Əlizadə, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı cari ildə Türk dünyasına aid "Şahmaran" əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək. Səhnə əsəri üzərində məşqlər davam edir və bu il həmin rok-müziklın premyerası təqdim olunacaq. Tamaşanın bəstəkarı Vüqar Camalzadədir.
Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Fəridə Aslanova deyib.
Onun sözlərinə görə, teatrın 2026-cı il üçün ilk premyerası yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan “Zal qızı Zalxa” (bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir) musiqili komediyası olacaq.
“Tamaşa Afaq Bəşirqızının 70 illik yubileyinə töhfədir. Həmçinin, yazıçı-dramaturq Əli Əmirlinin librettosu və bəstəkar Pikə Axundovanın musiqisi əsasında hazırlanan “Mesenat” tamaşasının da premyerası nəzərdə tutulub. Tamaşa məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunub. Quruluşçu rejissor Prezident mükafatçısı Samir Qulamovdur. Bu il üçün bir-birindən maraqlı layihələrimizin sayı çoxdur”,- deyə F.Aslanova əlavə edib.
Teatrın ötən il üçün yaddaqalan tədbirlərindən söhbət açan mətbuat katibi deyib: “Yaradıcı heyət respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurlara iştirak edib. Buna nümunə olaraq, “Qadınım” tamaşasını göstərmək olar. Heyət Türkiyədə keçirilən VII Beynəlxalq Maltəpə Festivalında çıxış edib. Həmçinin, “Anamın kitabı” tamaşası ilə də Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edib. Hər iki tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Rejissor və prodüser Ələkbər Tağızadənin quruluşunda hazırlanan “Sən kralsan” müziklinin premyerası da ötən il uğurla təqdim olunub. Tamaşa dünya şöhrətli musiqiçi Elvis Preslinin ölməz mahnıları əsasında ərsəyə gəlib.
Sənət ocağında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovun quruluşunda hazırlanan "Gülçöhrə və Əsgər" tamaşasının premyerasının təqdimatı da sevilərək izlənilir. Ötən il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik, Xalq artisti Bəșir Səfəroğlunun 100 illik, “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının və eləcədə teatrın peşəkar aktorlarının yubileyləri ilə əlaqədar tədbir və tamaşalar olub”.