Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Fransa səfirlərinin iştirakı ilə keçirilən müşavirədə ABŞ administrasiyası tərəfindən səsləndirilən iddialar fonunda Qrenlandiya və Kanadanın suverenliyi ilə bağlı narahatlığını ifadə edib.
Redaktor.az xəbər verir ki, Makronun sözlərinə görə, “insanlar hər gün Qrenlandiyanın işğala məruz qalıb-qalmayacağı və Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi təhlükəsi ilə üzləşib-üzləşməyəcəyi barədə suallar verirlər”.
Fransa Prezidenti bildirib ki, səfirlərin müşavirəsi zamanı aparılan müzakirələrdə iştirakçıların çoxu bu mövzulara toxunub.
Fransa liderinin fikrincə, qlobal proseslərin idarə olunmasında beynəlxalq təşkilatların rolunun artırılmasının vaxtı çatıb. “Hazırda BMT-nin rolunun gücləndirilməsi üçün münasib zamandır”, – deyə Makron vurğulayıb.
O, həmçinin “BMT-nin əsas maliyyə tərəfdaşı” kimi ABŞ-ni nəzərdə tutaraq, bu ölkənin artıq təşkilata inanmadığını təəssüflə qeyd edib.
Xədicə BAXIŞLI