RT: ABŞ hərbçilərinin saxladığı gəmidə Rusiya və Ukrayna vətəndaşlarının da olduğunu bildirir...
ABŞ hərbçiləri tərəfindən saxlanılan “Marinera” tankerinin heyəti ümumilikdə 28 nəfərdən ibarətdir və onların arasında iki Rusiya vətəndaşı da var.
Poliqon xəbər verir ki, bu barədə Rusiyanın RT telekanalı məlumat yayıb.
Məlumata görə, gəmidə həmçinin 17 Ukrayna vətəndaşı olub. Daha altı nəfər, o cümlədən kapitan Gürcüstan vətəndaşıdır, üç heyət üzvü isə Hindistan pasportunu daşıyır. Bildirilir ki, tanker özəl treyder tərəfindən icarəyə götürülüb və əvvəlcə Qayana bayrağı altında üzürmüş. Reisin isə yalnız kommersiya məqsədləri daşıdığı vurğulanır.
RT-nin bildirdiyinə görə, tanker Venesuela sahillərinə yaxınlaşdığı zaman ABŞ Sahil Mühafizəsinə məxsus gəmi “Marinera”dan Amerika limanlarından birinə istiqamətlənməyi tələb edib. Bu tələb Qayana hakimiyyətindən gəmiyə həmin ölkənin bayrağının verilməsinə dair rəsmi təsdiqin alınmaması ilə izah edilib.
Amerika tərəfinin tələbinə tabe olmayan tanker kursunu dəyişərək Atlantik okeanına çıxıb. Bundan sonra gəmi adını dəyişib və Soçi limanının kapitanı tərəfindən ona Rusiya bayrağı altında müvəqqəti qeydiyyat verilib. Rusiya Nəqliyyat Nazirliyində isə bildirilib ki, bu icazə beynəlxalq hüquq normalarına əsasən rəsmiləşdirilib.
Yanvarın 7-si axşam saatlarında M/V Bella 1 (“Marinera”) tankerinin saxlanıldığı məlum olub. Rusiya bayrağı altında üzən gəmi Şimali Atlantik okeanında, İslandiya sahillərindən təxminən 200–300 kilometr cənubda ələ keçirilib. Tanker Murmansk istiqamətində hərəkət edirmiş.
ABŞ hakimiyyəti “Marinera”nı Venesueladan neft daşınması ilə bağlı tətbiq edilən sanksiyaları pozmaqda ittiham edib. ABŞ-nin baş prokuroru Pəm Bondi hüquq-mühafizə orqanlarının tanker heyətinin üzvlərinə qarşı ittiham irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Poliqon.info