"Qida təhlükəsizliyinin təmin olunmasında ciddi problemlər mövcuddur. Qida Təhlükəsizliyi Agentliyi yaradılan zaman Azad İstehlakçılar Birliyi çox sevindi. Qida məsələləri bizim işimizin təxminən 5-6 faizini təşkil edir, çünki biz ümumi istehlakçı hüquqlarını qorumaqla məşğuluq və 1998-ci ildən beynəlxalq istehlakçı təşkilatının üzvüyük. Azərbaycanı 130 ölkə ilə birgə təbliğ və təmsil edirik. Dünyanın müxtəlif ölkələrində dörd ildən bir keçirilən ümumdünya yığıncaqlarında qida təhlükəsizliyi məsələləri də müzakirə olunur".
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a bildirib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi yaradılan kimi real fəaliyyət göstərə bilmədi. Onlar istehlakçılarla əlaqə qura bilmədilər və onların inamını qazana bilmədilər. Nəticədə küçə kəsimləri, küçədə ət kəsimi və digər qanunsuz hallar hələ də davam edir. İstehlakçıların aktiv iştirakı və məlumatlı olması təmin edilmədən inzibati yollarla bu problemlərin həlli çətindir.
İctimai nəzarət məsələsinə gəldikdə isə QHT sədri bildirib ki, bir çox dövlət qurumlarında vəziyyət eyni olaraq qalır:
“Nəsimi rayon İcra Hakimiyyətində ictimai təşkilatlar və partiyaların iş üzrə şöbə var. Mən iki dəfə orada olmuşam, amma şöbənin müdiri ilə görüşə bilmədim. İcra Hakimiyyətləri haqqında Əsasnamənin 47-ci maddəsinə görə, istehlakçı hüquqlarının qorunması, şikayətlərin qəbulu və həlli məsələləri nəzərdə tutulur, amma mən heç bir hesabat və ya yığıncaq görməmişəm. İctimai təşkilatlar da bəzən formal fəaliyyət göstərir. Onlar İctimai Şuralarda iştirak edərək öz maraqlarını güdürlər, məsələn, iş tapmaq, qohumlarına dəstək olmaq və s. Bu səbəbdən adekvat nəticələr əldə edilmir”.
O, qida markalanması ilə bağlı problemlərə diqqət çəkib. Onun sözlərinə görə, İrandan gələn bəzi mallar fars dilində markalanır və son istifadə tarixi düzgün göstərilmir. Digər hallarda məhsulun adı və tərkibi istehlakçıları aldatmaqla göstərilir.
“Bu, qanunvericilikdəki boşluqlardan irəli gəlir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçının aldadılmamasını təmin etməli, markalanmanın düzgünlüyünü nəzarət etməlidir. Qanunvericilik istehlakçı hüquqlarını qorumağa imkan verir, lakin reallıqda istehlakçılar zərər görür. Məsələn, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, amma sonrakı dəyişikliklər istehlakçıların zərərinə olub. Azad İstehlakçılar Birliyi beynəlxalq təcrübədən və 130 ölkənin məlumatlarından istifadə edərək dövlətə və hökumətə kömək etməyə hazırdır. Məqsədimiz mükəmməl istehlakçı siyasətinin formalaşdırılmasına töhfə verməkdir”.
PS: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.