Tbilisi, 8 yanvar, AZƏRTAC
Gürcüstan hökumətinin “BBC”-yə qarşı iddiası yaxın günlərdə telekanalın daxili tənzimləmə orqanına təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
O, telekanalın yaydığı süjetin uydurma və manipulyativ olduğunu etiraf edəcəyinə ümid bəslədiyini söyləyib.
Parlamentinin sədri deyib ki, bu baş verməsə, Gürcüstan hökuməti digər instansiyalara müraciət edəcək.
“Şikayətin təqdim olunacağı növbəti instansiya Böyük Britaniyanın Tənzimləmə Komissiyası, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ola bilər. Biz bütün bu prosedurları lazım olan ardıcıllıq üzrə keçəcəyik”, – deyə Papuaşvili vurğulayıb.
Qeyd edək ki, BBC-nin ötən ilin dekabrında yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilmiş etiraz aksiyalarının dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və qeyd olunan dövrdə baş vermiş iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi