AZ

Ağcabədi və Xocavənddə ƏMƏLİYYAT: Saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

Qrup üzvlərindən biri, S.Kərimzadə Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi iki ədəd "Kalaşnikov" markalı avtomat, həmin silahlara aid iki ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilib.

Onlardan ümumilikdə dörd ədəd "Kalaşnikov" avtomatı, dörd patron darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Seçilən
111
39
7news.az

10Mənbələr