AZ

Onlayn qumar oynayanlar - Deputat şok rəqəm açıqladı: 100 milyard dollar...

Təşkilatçısı gizli, xaricdən idarə olunan onlayn qumar oyunları aktual problem olaraq qalır. Ölkəni ciddi maliyyə itkisinə məruz qoyan bu oyun platformalarına aludəçilər əvvəllər daha çox gənclər olub. Hazırda isə yaş kateqoriyasında şaxələnmə var.

Narkomaniyadan heç də az mənfi təsiri olmayan qumarın alüdəçiləri cəmiyyət üçün də təhlükə mənbəyidir. İş potensialını itirmək həddinə çatan şəxs istər-istəməz başqasına həm yük olur, həm də təhlükə yaradır.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin üzvü Azər Badamov bildirib ki, Azərbaycan qanunvericiliyində mərc oyunların keçirilməsinə icazə verilsə də, qumar oyunları ölkəmizdə qadağandır. Mərc oyunlarının operatorları xüsusi lisenziyalar almaqla fəaliyyət göstərirlər:

“Onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə onlayn mərc oyunlarına icazə yoxdur. O cümlədən  qanunvericiliyimiz xarici mərc oyunlarının dövriyyəsinə icazə vermir. Bu baxımdan xarici onlayn mərc oyunlarına girişlər dayandırılır və kibertəhlükəsizlik tədbirləri görülür. 

Amma xarici onlayn mərc oyunlarında dövriyyəsində böyük pullar olur.

Belə ki, 2025-ci ildə ölkədə aparılan qeyri-qanuni dövriyyənin 100 milyard dollardan çox olduğu bildirilir.  Bunun həm də yaxın gələcəkdə daha da artacağı ilə bağlı proqnozlar verilir. Yaranmış vəziyyət ölkədən valyutanın çıxmasına və vətəndaşların aldanmasına yol açır. 

Bu baxımdan hesab edirəm ki, qanunvericiliyimizdə xarici mərc oyunlarının ölkəmizin daxilinə ayaq açmaması üçün müvafiq tədbirlər daha da sərtləşdirməlidir".

Sosioloq Elçin Bayramlının fikrincə, problem cəmiyyətdə kök salmaqdadır və sosial-iqtisadi böhranla yanaşı, cinayətkarlığa da yol açır:

“Bu tip oyunlar iki cürdür: Rəsmi-qanuni fəaliyyət göstərənlər və internet üzərindən qeyri-qanuni olanlar.

Son vaxtlar insanlar daha çox onlayn lotereya və qumar oyunlar ilə məşğul olur. Vətəndaşlarımız burada ildə 100 milyonlarla vəsait itirirlər. İdarəçilərin kim olduğu, oyunların haradan idarə olunduğu məlum deyil; bunlar şübhəli mərkəzlərdir. Heç bir hüquqi məsuliyyəti yoxdur.

Rəsmi fəaliyyət göstərən digər lotereyaların müəyyən öhdəlikləri var və onlara dövlət nəzarət edir. Onlar Azərbaycanın özündədir, əlçatandır. Orda da uduzanlar çox olur, insanlar problem yaşayır, amma xarici onlayn oyunlar daha dəhşətlidir.

Uşaqlar, gənclər və savadsız kateqoriya tələyə düşür.

Daxili İşlər Nazirliyi bununla bağlı daim maarifləndirmə aparır, izahatlar verir. Hətta aşkar olunanda mümkün tədbirlər görür. Çünki bəzilərinin Azərbaycanda da işləyən adamları var, belə şəxslər haqqında tədbirlər görülür.

Tam qarşısını almaq isə çox çətindir. Çünki internet elə bir şəbəkədir ki, ora bizim nəzarət imkanlarımız müşküldür. Bu, qlobal bir sistemdir.

Bu mərkəzlər və şirkətlərlə mübarizədə faktiki olaraq yeganə çıxış yolu qalır: insanların özlərinin bu mövzuda savadlanması, məlumatlandırılması və aldanmaması. Xalq arasında bir deyim var: “Müftə pendir yalnız tələdə olur”. Reallıq da məhz budur. Heç bir xarici qumar və ya lotereya sistemində elə mexanizm yoxdur ki, kimsə ora beş-on manat qoyub milyon qazansın. Belə bir şey mövcud deyil.

Amma buna baxmayaraq, bu platformalar insanları cəlbedici reklamlarla aldadırlar: yalançı qaliblər, yalançı uduşlar nümayiş etdirilir. Hətta bəziləri daha da irəli gedərək əvvəlcə doğrudan da real şəkildə beş, on, əlli manatlıq uduşlar verirlər, vəsaiti hesaba köçürürlər ki, insanı həvəsləndirsinlər. Daha sonra isə həmin şəxsin bir neçə yüz, hətta minlərlə manatını mənimsəyirlər.

Bu cür hallarla mübarizə aparmaq son dərəcə çətindir. Burada məsuliyyət əsasən insanların öz üzərinə düşür. İnzibati yolla bu problemi tam həll etmək mümkün deyil. Texniki baxımdan müəyyən addımlar atmaq olar, lakin hüquqi baxımdan çətinliklər mövcuddur. Çünki bu platformalar Azərbaycan yurisdiksiyasına aid olmayan xarici məkanlarda fəaliyyət göstərir.

Sosial baxımdan bu proses ciddi fəsadlar yaradır. Birincisi, insanlarda asan qazanca hərislik formalaşır. İnsanlar işləmədən, zəhmət çəkmədən bu yollarla pul qazanmağa çalışırlar ki, bu da tənbəllik yaradır. İkincisi isə çox ağır nəticələrə gətirib çıxarır: evini, əmlakını, bütün pulunu uduzan, kredit və borc bataqlığına düşən, ailəsi dağılan insanlar var.

Bu proses insanların həm maddi, həm də psixoloji cəhətdən də məhv olmasına səbəb olur. İnsanlar ümidlərini və arzularını bu sistemlərə bağlayırlar. Nəticə əldə etməyəndə isə depressiyaya düşür, bəzən bu vəziyyət intihara qədər gedib çıxır. Digər hallarda isə insanlar cəmiyyət qarşısında nüfuzunu itirir, biabır olur.

Mənəvi baxımdan isə bu, açıq şəkildə günahdır. Qumar bütün dinlərdə ən böyük günahlardan biri hesab olunur və qəbuledilməzdir. Bu problemin qarşısını almağın yeganə yolu insanların şüurlu düşüncəsidir. İnsanlar başa düşməlidirlər ki, ümumiyyətlə qumar və lotereya sistemlərindən, xüsusilə də mənşəyi bəlli olmayan onlayn platformalardan uzaq durmaq lazımdır. Burada real qazanc əldə etmək mümkün deyil. Olsa belə, bu, düzgün yol deyil. İnsan öz əməyinə, zəhmətinə arxalanmalıdır.

Bu psixologiyadan uzaqlaşmaq vacibdir: “İnternet qarşısında oturub beş-on manat qoyaraq pul qazanmaq” düşüncəsi yanlışdır. Bu, inzibati üsullarla deyil, yalnız bilik, mənəviyyat və əxlaqi yanaşma ilə aradan qaldırıla bilər. İnsanlar nə qədər ki, asan qazanc axtarışında olacaqlar, aldanmaq ehtimalı da bir o qədər yüksək olacaq.

Qazanmaq üçün zəhmət çəkmək lazımdır. Bu, bütün dünyada belədir. Mütləq və asan qazanc anlayışı yoxdur. Milyonlar içindən bəlkə bir nəfər qanuni loteriyada uduşa düşə bilər, amma bu istisnadır. Ona görə də media bu məsələdə mühüm rol oynamalı, maarifləndirmə aparmalı, insanlara izah etməlidir.

Digər tərəfdən, qumar asılılığı çox zaman cinayətə də gətirib çıxarır. Bu, psixoloji narkomaniya növlərindən biridir. Tarixdə də məlumdur ki, dünyanın ən məşhur qumarbazları belə bu vərdişdən qurtula bilməyiblər. Bu asılılığa düşən insan hər şeyini uduzduqdan sonra pul tapmaq üçün oğurluq, dələduzluq və digər qeyri-qanuni yollara əl ata bilər. Bu da kriminal hadisələrin artmasına səbəb olur.

Bununla yanaşı, dövlət tərəfindən müəyyən maarifləndirmə işləri aparılır. Amma texniki tədbirlər də zəruridir. Bir sıra ölkələrdə bu tip xarici resursların bloklanması tətbiq olunur. Azərbaycan internet məkanında da bu cür saytların, tətbiqlərin və reklamların məhdudlaşdırılması üçün texniki filtr sistemləri qurula bilər. Bu, həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan vacibdir.

Naməlum xarici strukturlar Azərbaycan vətəndaşlarının pullarını talayır, bu isə iqtisadi zərər, sosial problemlər, mənəvi deqradasiya və kriminal hallar yaradır.

Nəticə etibarilə, problemin kökü mənəvi dəyərlərdədir. Əgər cəmiyyətdə mənəviyyat, əxlaq və Allah qorxusu güclü olarsa, insanlar bu yollara üz tutmaz. Maddiyyat önə çəkildikdə isə ailə, dostluq, əxlaq və bütün digər dəyərlər ayaq altına atılır.

Cəmiyyətin sağlamlaşması üçün mənəvi dəyərlərin təbliği gücləndirilməlidir. Din xadimləri, ziyalılar, media və ailələr bu prosesdə aktiv rol oynamalıdır. Uşaqlar və gənclər yalnız pul qazanmağa yox, mənəvi şəxsiyyət olmağa təşviq edilməlidir. Əks halda, bu kimi halların gələcəkdə daha da artması qaçılmazdır".

Seçilən
66
1
modern.az

10Mənbələr