AZ

Qarabağ və Şərqi Zəngəzur üçün böyük plan: BUNLAR ƏSAS İSTİQAMƏT ELAN OLUNDU

“Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyənləşdirilib”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib:

“Qeyd edilən məqsəd üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün istiqamətlər - azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir”.

“Bütövlükdə bölgənin iqtisadi rayonları üzrə turistik ərazilərin potensialı qiymətləndirilib və burada diqqət çəkən resurslar üzərində konsepsiyalar hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı təkliflər təqdim edilib.  Daşaltı və Tuğ kəndləri, Hadrut və Suqovuşan qəsəbələrinin və Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılaraq mədəni turizm yönümlü inkişafı qiymətləndirilib”, - agentlikdən bildirilib.

Əlavə edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb, ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb:

“Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb.  Agentliyinin tabeliyində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasını, Qarabağ Regional Turizm İdarəsinin formalaşdırılmasını institusional çərçivədə bölgənin turizm imkanlarının səmərəli istifadəsi üzrə əhəmiyyətli tədbirlərdən hesab etmək olar. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
65
2
yenisabah.az

3Mənbələr