AZ

“OPEC” Fondunun nümayəndəsi: Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görürük

Bakı, 8 yanvar, AZƏRTAC

“OPEC” Beynəlxalq İnkişaf Fondu olaraq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etməkdən məmnunluq duyuruq. Çünki Azərbaycan uzun illərdir ki, fondun etibarlı tərəfdaşlarından biridir. Bu müddət ərzində ölkənin müxtəlif sahələrində uğurlu layihələr həyata keçirilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “OPEC” Beynəlxalq İnkişaf Fondunun nümayəndəsi Tareq Alnassar deyib.

O qeyd edib ki, təqdim olunan layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə təmiz enerji, dayanıqlı infrastruktur, iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq tərəfdaşlıq istiqamətləri üzrə tam uyğunluq təşkil edir. “Bu təşəbbüs Azərbaycanın enerji balansının şaxələndirilməsinə, milli dayanıqlı inkişaf prioritetlərinin icrasına və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək. Həmçinin, layihə çərçivəsində istehsal edilən elektrik enerjisi yüz minlərlə ev təsərrüfatının enerji təminatına xidmət edəcək. “OPEC” Fondu üçün bu layihə iqlim fəaliyyəti və dayanıqlı infrastrukturun inkişafı üzrə strateji məqsədlərin praktik təzahürüdür. Eyni zamanda, Azərbaycanın enerji sektorunda özəl sektorun fəal iştirakına açıq olması və beynəlxalq investorlar üçün yaratdığı əlverişli mühit yüksək qiymətləndirilir. Belə ki, layihədə “ACWA Power” kimi qlobal təcrübəyə malik şirkətin iştirakı beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. “OPEC” Fondu bu şirkətlə müxtəlif ölkələrdə səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Gələcəkdə də Azərbaycanda enerji saxlama texnologiyaları, suyun duzsuzlaşdırılması və əlavə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görürük”, - deyə Tareq Alnassar vurğulayıb.

O, bu layihənin Azərbaycanın enerji keçidində mühüm mərhələ olmaqla yanaşı, bütün tərəfdaşlar üçün qarşılıqlı fayda yaradan nümunəvi təşəbbüs kimi qiymətləndirib.

Seçilən
115
azertag.az

1Mənbələr