AZ

Qlobal siyasi reallıqlar fonunda Türk Dünyasının daha güclü olması üçün birgə təlimlərin keçirilməsi zərurətə çevrilir

ain.az bildirir, Bizimyol portalına istinadən.

“Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində çox ciddi məsələlərə toxunub: “Bu məsələlər həm dünyada baş verən hadisələrə, həm də ölkəmizin ictimai-siyasi həyatındakı yeniliklərə bir baxışdır və real qiymətdir”.

Tahir Rzayev

Deputatın fikrincə, bütün məsələlərin kökündə əsasında ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, əhalinin həyat rifahının yaxşılaşdırılması və Azərbaycanın demokratik dövlət kimi dünyada tanıdılmasıdır.

“Bu gün dünyada baş verən müharibələr, çəkişmələr, hadisələr göstərir ki, hər bir dövlət öz təhlükəsizliyinin qeydinə qalmalıdır. Bu baxımdan dövlət başçısı bildirir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını və təhlükəsizliyini gücləndirməlidir. Bu, dövrün tələbidir və Azərbaycanın buna daha böyük ehtiyacı var. Çünki torpaqlarımız 20 il düşmən tapdağı altında qaldığı günlərdə biz təhlükəsizliyin nə demək olduğunu daha dərindən anlamışıq. Hərbi potensialımızın artırılması və ordunun gücləndirilməsini vacib bir amil kimi qiymətləndirmişik. Ölkəmizin rəhbərinin bu istiqamətdə həyata keçirdiyi çox mühüm tədbirlər qələbəmizə zəmin yaratmışdır və biz düşmən üzərində tarixi qələbəni təmin etmişik”.

Tahir Rzayev hesab edir ki, ordu quruculuğu uğurla həyata keçirilməsəydi, orduda nizam-intizam bərpa edilməsəydi və peşəkar hərbi kadrlar yetişdirilməsəydi, biz qələbəyə nail ola bilməzdik: “Bu, həm də bizə ölkə iqtisadiyyatını yüksəltməyin yollarını bir daha göstərdi. Məhz güclü iqtisadiyyat nəticəsində qələbəmizi təmin edə bildik”.

Tahir Rzayev qeyd edib ki, Cənubi Qafqazda öz təsirini gücləndirməyə səy göstərən dövlətlər çoxdur, belə bir vəziyyətdə hərbi potensialımız artırılmalı və təhlükəsizliyimiz təmin edilməlidir. Deputat bildirib ki, bu istiqamətdə görülən həyata keçirilən tədbirlər gələcəyə hesablanıb: “Əlbəttə ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə gördüyü işlər, xüsusilə Türkiyə ilə, eləcə də digər dövlətlərlə müəyyən hərbi təlimlərin keçirilməsi gücümüzün artırılmasına bir zəmanətdir. Çünki hərbi gücün artırılması, müasir silahlardan istifadənin öyrənilməsi və hərbi gücə malik olmaq bilavasitə ölkənin təhlükəsizliyinin gələcəkdə daha sağlam təminatına əsasdır. Məhz bu baxımdan da Prezident İlham Əliyev öz müsahibəsində bildirir ki, bu gün hərbi təlimlərin keçirilməsinə ehtiyac var. Biz təşkilata üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də birgə təlimlərin keçirilməsinin də ən böyük rəmzi mənası ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.

Tahir Rzayev vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı artıq vahid bir qüvvəyə çevrilməkdədir: “Sözsüz ki, bu, hərbi blok deyil, güclü iqtisadi əməkdaşlığın təmin olunması, münasibətlərin yaxşılaşdırılması və xalqların rifahının yüksəldilməsidir. Ancaq mövcud vəziyyət bu günün reallıqları Türk Dünyasının daha güclü olması üçün birgə təlimlərin keçirilməsini bir zərurətə çevirir”.

Deputatın fikrincə, digər tərəfdən, belə bir şəraitdə Türk dövlətlərinin özlərinin böyük bir ordu yaratmasına ehtiyac duyulur: “Böyük ordu təhlükəsizlik üçün mütləqdir, çünki baş verən hadisələr bunu deməyə və gələcəkdə bu istiqamətdə addımlar atmağa əsas verir. Azərbaycan Prezidentinin televiziya kanallarına müsahibəsində söylədiyi fikirlərin hər biri Azərbaycan xalqının rifahı, dövlət təhlükəsizliyi və ölkənin inkişafı üçün vacib olan məsələlərdir. Sözsüz ki, hər bir Azərbaycan vətəndaşı da bunu yüksək qiymətləndirir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
icma.az

1Mənbələr