Müsahibədə Azərbaycanın diplomatik uğurları da xüsusi vurğulandı. Xüsusilə ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması mühüm tarixi nailiyyət kimi qeyd olundu. Prezident İlham Əliyev bu düzəlişin mahiyyət etibarilə Azərbaycana qarşı ədalətsiz qərar olduğunu diqqətə çatdırdı. Həmin dövrdə torpaqlarımız işğal altında olduğu halda, ölkəmizə qarşı "blokada" iddiası ilə sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa zidd idi. Müsahibədə açıq şəkildə bildirildi ki, bu qərarın qəbulunda erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin təsiri həlledici rol oynamışdı.
Dövlət başçısı Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsi olaraq beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini də qeyd etdi. Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirildi. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bu səviyyədə inteqrasiyası aparılan siyasətin uğurunu nümayiş etdirir və regionda yeni geosiyasi balans yaradır.
Prezident İlham Əliyev müsahibəsində iqtisadi məsələlərə də geniş yer ayırdı. Ölkənin iqtisadi müstəqilliyi, xarici borcun azaldılması və dayanıqlı inkişaf modelinin qurulması əsas prioritetlər kimi göstərildi. Qaz ixracı sahəsində əldə edilən nəticələr Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını sübut edir. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə dünyanın ən çox ölkəsini qazla təmin edən dövlətlərdən biridir və bu göstəricilər hər il artmaqdadır.
Müsahibənin əsas mesajlarından biri də Böyük Qayıdış Proqramının uğurla icra olunması idi. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğuladı. Artıq on minlərlə insan azad edilmiş ərazilərdə yaşayır və işləyir. İnfrastruktur layihələrinin genişlənməsi ilə bu sayın daha da artacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31