AZ

İsraildə ARAD avtomatlarının sürətli reaksiya qruplarına paylanması tamamlanıb

İsrail Müdafiə Nazirliyi və Müdafiə Qüvvələri “Israel Weapon Industries” (IWI) şirkəti tərəfindən istehsal olunan minlərlə ARAD avtomatının ölkə üzrə sürətli reaksiya qruplarına paylanmasını tamamlayıb.

IWI-dən “Poliqon”a verilən məlumata görə, bu, standartlaşdırılmış, yerli istehsal olan müdafiə sistemlərinə İsrailin artan diqqətini göstərir.

ARAD avtomatlarının tədarükü üçün tərəflər arasında imzalanan müqavilənin dəyəri 31 milyon ABŞ dollarıdır. Həmçinin müqaviləyə 10 illik geniş təmir və dəstək paketi də daxildir.

5.56 mm-lik ARAD avtomatı xüsusi təyinatlı qüvvələr və ən sərt şəraitdə fəaliyyət göstərən hüquq-mühafizə orqanları üçün hazırlanıb. Silah AR platforması üzərində inkişaf etdirilmiş qısa hərəkətli qaz-piston sisteminə, hər iki əllə istifadə etmək imkanına və dəqiq atış təmin edən sərbəst yivli lüləyə malikdir. Avtomat optika və aksesuarlar üçün böyük fərdiləşdirmə imkanı yaradan inteqrasiya olunmuş “Picatinny” rels və M‑LOK əl tutacaqları ilə təchiz edilib.

“israil Müdafiə Qüvvələrinə etibarlı və effektiv silah sistemləri ilə dəstək verdiyimiz üçün qürur duyuruq. Müdafiə Qüvvələrinin ARAD-ı geniş şəkildə qəbul etməsi bu sistemin əməliyyat performansını və etibarlılığını göstərir. Onun davamlı istifadəsi, ən çətin əməliyyat mühitlərinin tələblərinə cavab verən sübut edilmiş, innovativ həllər təqdim etmək öhdəliyimizi vurğulayır”, – deyə “SK Group”un vitse-prezidenti Ronen Hamudot bildirib.

“SK Group”un tərkibinə daxil olan IWI şirkəti İsrail Ordusu və İsrail Polisinin əsas təchizatçısıdır. Şirkətin döyüş təcrübəsi olan məhsulları 60-dan çox ölkədə hərbi, hüquq-mühafizə və xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə olunur. UZI-ni inkişaf etdirməklə tanınan şirkət ARAD, NEGEV və TAVOR kimi qabaqcıl silah sistemlərini inkişaf etdirərək silah innovasiyası və etibarlılığı sahəsində standartlar müəyyənləşdirir.

Seçilən
64
poliqon.az

1Mənbələr